"Milan"da icarə əsasında çıxış edən Asmir Beqoviç (Asmir Begovic) "Mirror"a açıqlamasında koronavirus (coronavirus) pandemiyası ilə bağlı İtaliyadakı son vəziyyətdən danışıb.
Fanat.Az xəbər verir ki, bosniyalı qolkiper koronavirusun İtaliyanı çökdürdüyünü qeyd edib:
"Küçələr bomboşdu. Təkcə supermarketlər açıqdı. Lazımi ərzaq məhsullarını alırsan və dərhal evə qayıdırsan. Qorxuncdu.
Mən şəhərdə yaşayıram. İnsanlar şəhərin film səhnələrini andırdığını deyirdilər. Artıq mən də bu fikirlərə qoşuluram. Daha əvvəl belə bir şey görməmişdim. İnsanların vəziyyətin necə pis olduğunu tam olaraq başa düşdüklərindən əmin deyiləm.
Koronavirus İtaliyaya ağır zərbə vurub. Səbəbini dəqiq deyə bilmərəm. Bəlkə də, ölkədə səhiyyə baxımından problemlər var imiş. Amma dəqiq olan bir şey var ki, pandemiya İtaliyanı çökdürüb. Virusa yoluxanların və ölənlərin sayı çoxdu. Vəziyyət acınacaqlıdı.
Artıq futbolçularda da koronavirus aşkarlanıb. Sanki kabusdu. Hər şeyin ən qısa zamanda normala qayıdacağına ümid etməkdən başqa əlimizdən heç nə gəlmir".
İtaliyada 24 747 nəfər koronavirusa yoluxub. Pandemiyadan ölənlərin sayı isə 1 809 nəfərdi.
Qeyd edək ki, Asmir Beqoviç 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvarına kimi icarə əsasında "Qarabağ"da oynayıb.
Fanat.Az