Bütün dünyanı təsiri altına alan koronavirus pandemiyası səbəbindən çempionatlar dayandırılsa da, "Qalatasaray" transfer çalışmalarını dayandırmır.
Fanat.Az xəbər verir ki, mövsümün sonunda icarəyə götürülmüş Florin Andone "Briqton"a dönəcəyindən İstanbul klubu forvard axtarışındadı.
Belə bir vaxtda İtaliyanın yüksək tirajlı "La Gazzetta dello Sport" nəşri maraqlı xəbər yayıb. Qəzet iddia edib ki, Mario Balotelli yayda "Qalatasaray"a keçə bilər. İtaliyanın "Breşiya" klubunda xoşbəxt olmayan Qana əsilli italiyalı forvard başqa komandaya keçmək niyyətindədi. Onun keçmək ehtimalı ən yüksək olan klub isə "Qalatasaray" hesab olunur.
Qeyd edək ki, Balotteli karyerası ərzində İtaliyanın "Lumezzane", "İnter", "Milan", "Breşiya", İngiltərənin "Mançester Siti", "Liverpul", Fransanın "Nitsa" və "Marsel" klublarında çıxış edib. 29 yaşlı forvard İtaliya millisində keçirdiyi 36 oyunda 14 qol vurub.
Fanat.Az