19:20 28.04.2020 931

Mümkünsüz zəfərlərin izində - Dieqo Simeone 50 yaşında

"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin 50 yaşı tamam olur.
 
Belə bir gündə "El Çolo"nu unutmaq fikrində deyilik. Fanat.Az Dieqo Simeonenin 2018-ci ildə "The Coaches' Voice" üçün qələmə aldığı yazını təqdim edir. Gəlin, argentinalı çalışdırıcının həyat yolunu bir də onun özündən öyrənək:

"Balaca oğlum Culiano kruasanını südə batırdı, onu dişlədi və mənə baxdı: "Ata, işlərin qaydasında getsə, geri qayıtmayacaqsan".

Həmin günü yaxşı xatırlayıram. "Atletiko"dan gələn zəng sayəsində həyatım dəyişdi. Klubu çalışdırmağımı istəyirdilər.

Onda Culiano ilə zaman keçirmək üçün Mar de Platada idim: önümüzdə kruasanlar, mənim kofem və onun südü... Cəmi 8 yaşı var idi. Ona dedim: "Qulaq as, "Atletiko"da işləyə bilərəm, belə bir şans yaranıb və mən nə edəcəyimi bilmirəm". Culiano bu barədə düşündükdən sonra cavab verdi: "Sərəncamında Falkao kimi futbolçu olacaq? Komandan Messi və Ronalduya qarşı oynayacaq?"

Culiano danışır, mən isə dediklərini təsdiqləyirdim. Kruasanını südə batırmamışdan əvvəl əlavə etdi: "Ata, işlər qaydasında getsə, geri qayıtmayacaqsan". Medalyonun iki üzü: bu, bir tərəfdən yaxşı xəbər idi, çünki istədiyim şeyi əldə edəcəkdim, digər tərəfdən isə uşaqlarımın böyüməyini görə bilməyəcəyim üçün o qədər də ürəkaçan deyildi.
 


Ciddi şəkildə məşqçi olmağa qərar verəndə 27-28 yaşım var idi, "Latsio"da oynayırdım. Bazadan evə qayıtdıqdan sonra qovluğu əlimə götürür və komandaya məşq keçən məşqçi kimi davranırdım. Yəqin ki, bilirsiniz, uşaqlar oyun oynayanda təsəvvürlərində istədikləri şeyləri canlandırırlar, öz dünyaları olur. Mən isə yetkin biri kimi eynisini edirdim. Öz dünyamda məşqçi idim: komandaya təlimat verir, növbəti matçı düşünür və lazım olan hər şeyi planlayırdım. Günün sonunda ətrafım kağızla dolu olurdu: çəkdiklərim, apardığım qeydlər... Hər şeyi bir kənara qeyd etməyi sevirdim. Bütün bunlar məndə məşqçiliyə qarşı ruh yüksəkliyi yaratdı.

Məşqçi kimi ən böyük ehtiras oyunçuları inkişaf etdirməklə bağlıdı. Təbii ki, çempion olmaq hamımızın istədiyi bir şeydi, ancaq məncə, məşqçi üçün ən böyük titul Koke, Lukas Ernandes, Anhel Korrea kimi, aşağıdan pillə-pillə yuxarıya qalxan oyunçuların yüksək səviyyəli peşəkarlara çevrilməsini görməkdi.

Məşqçiliyə başlayanda Argentinaya, futbolçu kimi sonuncu klubum "Rasinq"ə qayıtmalı oldum. İlk dəfə mənə məşqçiliklə bağlı təklif gələndə "yox" deməli olduğumu bilirdim. İkinci dəfə? Eynisini təkrarladım. Üçüncü dəfə isə razılaşdım.

Komanda bərbad formada idi. Amma oyunçulara bələd idim. Bir vaxtlar onların komanda yoldaşı olmuşdum və işimizin öhdəsindən gələcəyimizə inanırdım. İnamımı qısa müddət ərzində sınaqdan keçirməli oldum. İlk dəfə kənarda - skamyada oturmaq məşqçilər üçün ən çətin şeydi. Uyğunlaşmağım çox zaman aldı. İlk üç görüşümüzdən məğlub ayrılmışdıq. Hətta qol da vura bilmirdik. Normal olaraq, insanlar gərgin idilər. Problemlər çox olsa da, onların öhdəsindən gəlməyə çalışmaq gücümüzə güc qatır, bizi rahatladırdı.
 


Çox inadkar biriyəm. Bir şeyi istəyirəmsə, bezənə qədər arxasınca gedirəm. Bu faktor məni yenidən "Atletiko"ya qaytardı. 2005-ci ildə klubdan ayrılanda komandaya faydası olmayan bir oyunçu idim. Özüm də varlığımın işə yaramadığını bilirdim, çünki orada olmağım məşqçinin də işini çətinləşdirirdi. Yaşlandıqca sahib olduğunuz isim, jurnalistlər və azarkeşlər üzərindəki təsir gücünüz faktora çevrilir.

Madriddən ayrıldıqdan sonra dərhal qayıdışıma dair planlar qurmağa başlamışdım. Futbolçu kimi karyeramı Argentinada bitirəcəyimi, məşqçiliyə isə orada başlayacağımı əvvəlcədən təxmin etmişdim. Hansı yolla olursa-olsun, bir gün "Atletiko"nu çalışdırmaq imkanı əldə edəcəyimi də bilirdim. Ona görə də buna əvvəlcədən hazırlaşırdım.

Təyinatım rəsmiləşəndən sonra oyunçularla ilk görüşümdə nə danışacağım barədə çox düşünmədim. Heç vaxt deyəcəklərim barədə əvvəlcədən düşünən biri olmamışam. Hiss etdiyim kimi danışmağa, spontan olmağa çalışıram. Müəyyən üstünlüyə sahib olduğumu bilirdim. 5 il yarım "Atletiko"da oynamışdım. Ləvazimatçıları, işçiləri, prezidenti, "Visente Kalderon"un oturacaqlarını, orada matç izləyən azarkeşləri, bir sözlə, hamını tanıyırdım. Onların nə istədiyini yaxşı bilirdim.

"Atletiko" azarkeşləri həmişə rəqabətə davamlı komandaya sahib olmağı arzulayıblar. Onlar uzun müddət idi ki, müdafiədə güclü, əks-hücumda effektiv və böyük klublara problem yarada biləcək komanda istəyirdilər. Mənim də hədəfim bu yöndə idi.

Komandaya məşqçi təyin olunanda vəziyyət elə də yaxşı deyildi. "Atletiko" La Liqada 10-cu sırada idi və Kral Kubokunda "Albasete"yə uduzaraq mübarizəni dayandırmışdı. Lakin mən komandanın insanlara lazım olan şeyi verə biləcəyinə inanırdım.

Azarkeşlərlə oyunçular arasında güclü bağ var idi. Ehtiras insanları öz içinə çəkir - idmanın təbiətində bu var. Futbol da istisna deyil. Əsas başlanğıc nöqtəsi təyinatımdan beş ay sonraya təsadüf edirdi. Birlikdə Avropa Liqasını qazanmağımız yeni, önəmli mərhələnin başlanğıcı idi. Özümüzü işimizə həsr edəndə nələrin ola biləcəyini görmüş, reallığı dərk etmişdik.
 


Şübhəsiz ki, Avropa Liqasında qazandığımız zəfər ilk gündən etibarən nə istədiyini bilən bu qrup üçün başlanğıc idi. Ən böyüklərə qarşı mübarizə aparmaq... "Real" və "Barselona" ilə mübarizə apararaq İspaniya La Liqasının qalibi olmaq, demək olar ki, imkansızdı. Son 10 il ərzində bu iki komanda daim inanılmaz oyunçulara və böyük gücə malik olub. Ancaq biz çox çalışaraq, davamlılığımız, qətiyyətimiz və təbii ki, böyük oyunçularımız hesabına - çünki böyük oyunçularsız bunu bacara bilməzsən - mümkünsüz görünən bir şeyi reallaşdırdıq.

Günbəgün etdiklərimizlə, özümüzə inanmaqla hədəfimizə çatdıq. Məşqçi kimi ikinci tam mövsümümdə əlimizə fürsət düşmüşdü. Sözügedən rəqiblərdən birinin - "Real" - yarışdan azacıq uzaqlaşdığı bəlli idi. Odur ki, diqqətimizi digərinə - "Barselona"ya yönəltdik. Çempionatın sonuncu turunda "Kamp Nou"ya səfər etdik. Çempion olmaq üçün bir xala ehtiyacımız var idi. Rəqib meydanında bunu etməli idik.

Final fitindən sonra köməkçim Herman Burqosla birlikdə gülməyə başladıq. Titulu qazana biləcəyimizin fərqində idik. Bununla belə, çempionluğumuz rəsmiləşən kimi sevincdən uçmağa başladım. Sonra? Sonrasını izah etmək çox çətindi. Hisslərin qarışığı idi. Həmin mövsüm, şübhəsiz ki, İspaniya futbol tarixində daim xatırlanacaq.
 


Futbolda dayanmaq, anın zövqünü yaşamaq mümkün deyil. Çünki sən yatdığın müddətdə kimsə işləyir. Bəzən müxtəlif saat qurşaqlarını hesaba qataraq 24 saat işləməyin mümkünlüyü üzərində düşünürük: kimsə burada işləyir, digər biri başqa yerdə, dayanmaq yoxdu...

Futbol çətin bazardı. Futbolun "böyük güclər"i kimi, bir oyunçunun transferinə 150-200 milyon avro xərcləmək imkanımız yoxdu. Ona görə də komandanın daha yaxşı olmasını təmin etməkdən və inkişafımız üçün lazımlı olan parçaları tapmaqdan ötrü çalışmalı, mümkün qədər yaradıcı olmalıyıq. Transferlərdə səhvə yol vermək kimi bir lüksümüz yoxdu. Qulağa yorucu gəlirsə, bilin ki, doğrudan da, belədi.

Dua edəndə tək istədiyim şey enerji olur. Sakitliyimi qorumaq və hiss etdiklərimi komandaya çatdırmağıma yardımçı olmaq üçün enerji istəyirəm. Davamlı şəkildə enerjili olmaq ən çətin şeydi, çünki insan bir gün ərzində sönə bilir.
 


Futbolçu karyeramın məşqçiliyim üzərindəki təsiri danılmazdı. Amma futbol oynamaq və məşqçilik etmək tamamilə fərqli şeylərdi. Futbolçusansa, komandanın ehtiyacları sənin üçün elə də önəm ərz etmir, ancaq özünü düşünürsən. Məşqçilikdə isə əksinədi: hər şeyi görməlisən. Bütün detalları yaxşılaşdırmağa çalışmalı, rəqibin gücünü zərərsizləşdirməli, komandanın gücünü isə artırmalısan. Ən vacibi: güclü olmalısan, çünki mövsümün gedişində oyunçuları inandırmaq üçün bir neçə dəfə doğru yerdə, doğru sözləri işlətməyi bacarmalısan. Doğru sözləri tapmaq üçün isə açıqfikirli olmalısan. Mən çox dinləyirəm və çox sual verirəm. Yalnız bundan sonra hamı üçün ən yaxşı olduğuna inandığım qərarı qəbul edir və onun icra prosesinə keçirəm, yoxsa nə edəcəyimi bilməzdim - Culiano ilə Mar de Platadakı söhbətimizdəki kimi.

Birlikdə 7 ili geridə qoyuruq. "Atletiko" mənim həyatımdı. Ümumilikdə həyatımın 13 ilini bir kluba həsr etmişəm. Mümkünsüz görünən şeyləri reallaşdırdığım 13 il..."

Tərcümə və uyğunlaşdırma: Rüfət Məcid

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
20:09

Avropa Liqası: "Sabah" - "Sele" oyununda 2-ci qol - YENİLƏNIR

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X