"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliya Kubokunun 1/4 finalında - "İnter"ə 1:2 hesabıyla uduzduqları matçda meydandan qovulduğuna görə üzr istəyib.
Fanat.Az xəbər verir ki, bunu "qırmızı-qaralar"ın baş məşqçisi Stefano Pioli deyib:
"Zlatan "qırmızı" aldığına görə üzr istədi. Bu, böyük çempiona yaraşan hərəkət idi".
Xatırladaq ki, dünən keçirilən oyunun ilk yarısının sonlarında "Milan"ın müdafiəçisi Alessio Romanyoli rəqibin forvardı Romelu Lukakunun qarşısını kobudluqla kəsmişdi. Tərəflər arasında yaranan mübahisəyə qoşulan Zlatan belçikalı forvardı təhqir etmiş və eyni cavabı almışdı. Həmin epizodda İbra ilə Lukakuya sarı vərəqə göstərilmiş, ikinci hissədə isə daha bir "sarı" alan Zlatan komandasını çətin vəziyyətdə qoymuşdu.
Fanat.Az