Çempionlar Liqasında PSJ - "Yuventus" matçından əvvəl keçirilən mətbuat konfransında Fransa klubunun baş məşqçisi Kristofer Qaltye və ulduz futbolçu Kilian Mbappe iştirak edib.
Fanat.Az xəbər verir ki, jurnalistlər onlara PSJ-nin təyyarə səfərlərini qatarla əvəz edilib-etdilməyəcəyi ilə bağlı sual ünvanlayıblar.
Bu zaman Mbappe sualı gülüşlə qarşılayıb. Bu isə Fransa ictimaiyyəti və bəzi tanınmış insanlar tərəfindən sərt tənqidlə qarşılanıb.
Qaltye sualı belə cavablandırıb: "Açığı, bunu soruşacağınızı düşünmüşdüm. Bu səhər səfərlərimizi təşkil edən şirkətlə danışdıq, quruda səyahət etməklə mənzil başına vaxtında çata biləcəyimizi öyrənmək istədik. Hələlik bu qədər..."
Fransanın idman naziri Ameli Oudea-Kaster PSJ-nin tanınmış simalarının bu çıxışını bəyənməyib və "Twitter"də bu barədə paylaşım edib: "Cənab Qaltye, biz sizin daha məsuliyyətli cavablarınıza öyrəşmişik. Bu barədə danışaqmı?"
Parisin meri Ann Hidalqo da PSJ-nin baş məşqçisini tənqid edib və kluba “oyan” deyib.
Fransanın dəmir yolu şirkətinin direktoru isə sosial şəbəkə hesabında sürətli qatarların Parisdən Nanta səfərinin iki saat çəkdiyini elan edib.
Qeyd edək ki, mövzu Fransada kifayət qədər aktualdır və qlobal istiləşmənin azaldılmasına hesablanıb. Çağırışlara baxmayaraq, PSJ "Nant"la son səfər oyununa təyyarə ilə gedib.
Mirağa