Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ" Fransada "Nant"ın qonağı olacaq.
Millət vəkili, yazıçı Aqil Abbas Fanat.Az-a açıqlamasında bu oyundan hansı nəticəni gölədiyini deyib:
"Mən "Qarabağ"a uğurlar arzulayıram. Dualarımı əskik etmirəm. Onlar hər dəfə səfərdən qayıdanda qurban kəsirəm. İstər qalib olsunlar istər məğlub, fərq etməz. Əsas odur sağ-salamat qayıtsınlar. Bu dəfə qalib qayıdacaqlar.
Hər dəfə oyundan öncə Qurban Qurbanovla danışıram. İstəklərimi, dualarımı ona çatdırıram.
Ölkə çempionatında "Qarabağ"ın oyunlarına baxmaq üçün stadiona getmirəm. Bunun da səbəbi var. Mən futbol izləyərkən çox emosional oluram. Çılğın azarkeşəm. Həyəcanlanıram. Hətta bir dəfə "Qarabağ"ın oyununu izləyərkən stadionda mənim ürəyim getmişdi. Mən evdə oyunları izləyəndə çığırtıma qonşular oyanır. Dururam, qaçıram ora-bura...
Sizə bir əhvəlat danışım, mən həm də Türkiyə millisinə azarkeşlik edirəm. Bir dəfə Türkiyə yığmasının oyunu idi. Tək baxmağa hazırlaşırdım. Elə bu zaman gözləmədiyim halda, evə dayımgil qonaq gələsi oldu. Süfrə açmalı olduq. Yığışdıq masa ətrafına. Həm qonaqlarla söhbət edirəm həm də futbol baxıram. Mənim də fikrim qalıb oyunda. Türkiyə qol vurdu, birdən-birə sevincimdən sıçradım, qalxdım masanın üstünə. Çığırdım: "Qol, qol, qol!". Hamı da təəccüblə mənə baxdı. Dedim ki, mənə niyə baxırsınız, qol orada vurulub, ora baxın. Yəni dediyim odur ki, bu dərəcədə çılğın futbol azarkeşiyəm.
Bir dəfə "Qarabağ"ın APOEL-lə oyununda stadionda, azarkeşlərin arasında oturmuşdum. Gözlənilmədən polis yaxınlaşdı. Mənə dedilər ki, klub rəhbərliyi və Qurban Qurbanov məni tribunada görüb. "Skybox"a dəvət ediblər. Xəbər göndərmişdilər ki, gəlim bir stəkan çay içim, oyunu oradan izləyim. Cavabında dedim ki, ilk hissəni buradan izləyim, sonra baxarıq. Əslində, matçı azarkeşlərin arasında izləmək daha maraqlıdır.
Əminəm ki, "Qarabağ" Fransadan qalib kimi dönəcək".
Emin Şəmsiyev