Almaniya millisinin qapıçısı Manuel Noyer Bundestimin noyabrın 23-də Yaponiyaya qarşı keçiriləcək DÇ-2022-nin start matçı ilə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az "Bayern&Germany"ə xəbər verir ki, təcrübəli qolkiper mundiala asiyalılarla başlamağı istəmədiklərini deyib:
“Biz ehtiyatlı olmalıyıq. Şəxsən mənim üçün turnirdə ilk oyun həmişə ən önəmlidir. Yaponiya çox intizamlı oynayan narahat komandadır. Eyni zamanda, fərdi oyunçularının keyfiyyətlərinə görə gözlənilməzdirlər.
Bundesliqada bir neçə yapon oyunçumuz var. Belə komandalarla oynamaq mənim üçün çətindir. Kaş startda İspaniyayla qarşılaşaydıq. Şəxsən ilk matçda belə rəqiblə oynamağa üstünlük verərdim. Çünki onları tanıyırıq, belədə rəqibə qarşı daha yaxşı hazırlaşmaq olar. Ona görə də bizim üçün ilk oyun çətin olacaq. Ancaq bu matçdan sonra hansı səviyyədə olduğumuzu biləcəyik".
Qeyd edək ki, Almaniya DÇ-2022-nin qrupunda Yaponiya ilə yanaşı, İspaniya və Kosta-Rika ilə qarşılaşacaq.
Mirağa