PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Paris klubunun satılması üçün 4 milyard avrodan çox təklif aldıqlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "talkSPORT" onun dediklərini belə çatdırıb:
"Bizə 4 milyard avrodan çox pul təklif etdilər. Klubu satmaq fikrində deyilik, amma səhmlərin bir hissəsini niyə də satmayaq? Hazırda müxtəlif variantlar ətrafında düşünürük.
Başqa klubların nümayəndələri PSJ haqda danışarkən bizim pulları havaya sovurduğumuzu iddia edirlər. Amma belə deyil. Sizin biznes şirkətiniz varsa, ora istənilən halda, yatırım etməlisiniz. Bu, futbol təsərrüfatına da aiddir. PSJ-ni 70 milyona almışdıq. İndi isə 4 milyarddan bahadır. Əlbəttə, fantastik biznesdir. İşimizi uğurla davam etdirdiyimizə əminəm. Klubu hardan hara gətirdiyimiz göz önündədir. Gördüyümüz işlə fəxr edirik".
Xatırladaq ki, PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində "Bayern Münhen"lə üz-üzə gələcək.