Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Çelsi" - "Lill" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az "OptaJoe"yə istinadən xəbər verir ki, "Stemford Bric"də baş tutan görüş İngiltərə təmsilçisinin qapıçısı Eduard Mendi üçün əlamətdar olub.
Belə ki, indiyədək qitənin ən nüfuzlu klub turnirində 18 oyun keçirmiş Mendi bunların 14-də qapısını toxunulmaz saxlamağı bacarıb. Seneqallı qolkiper "quru oyunlar"ın faizinə görə ÇL tarixində 5 matçdan çox oynamış qapıçılar arasında ən yaxşı göstəriciyə malikdir.
Qeyd edək ki, Mendi 2020-ci ilin sentyabrında Fransanın "Renn" klubundan transfer edilib. Bu keçid "Çelsi"yə 24 milyon avroya başa gəlib.