17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişinyovda təşkil olunan UEFA İnkişaf Turnirində keçirdikləri ilk oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, yerli komandaya 0:1 uduzduqları görüşlə bağlı AFFA-nın mətbuat xidmətinə belə danışıb:
“Komanda ilə bu il ikinci toplanışımızdır. İlk hazırlığımız ötən ay baş tutmuşdu. Bu dəfə 10 yeni futbolçu dəvət etmişik. UEFA İnkişaf Turniri oyunçular üçün yaxşı şansdır. Burada nəticə o qədər də önəmli sayılmır. Əsas odur ki, bütün futbolçular oynamaq şansı əldə etməlidirlər. Məqsəd onların inkişafına nail olmaqdır. Əlbəttə ki, futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var. Moldova yığması ilə dünənki matçda rəqibdən geri qaldığımız əsas tərəf son ötürmələr və həlledici zərbələr idi. Bunu yavaş-yavaş aradan qaldıracağımıza ümid edirəm. Burada 6 gün ərzində 3 oyun keçirməli olacağıq. Matçlar arasındakı iki günü futbolçuların bərpasına və növbəti görüşə hazır olmasına həsr edirik. Seçmə mərhələ oyunları oktyabrda olacaq. Ona qədər vaxtımız var. Bu müddətdə komandanı formalaşdırıb, seçmə mərhələdə uğurlu çıxış etməyə çalışacağıq”.
Qeyd edək ki, U-17 turnir çərçivəsində növbəti oyunlarını aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya yığması ilə keçirəcək.