Yay transfer pəncərəsində heyətini gücləndirməyə çalışan "Mançester Yunayted" PSJ-nin istedadlı yarımmüdafiəçisi Uorren Zair-Emerini gözaltı edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Mənbənin məlumatına görə, hazırda ingilis nəhənglərinin nümayəndələri futbolçunun ətrafı ilə ilkin təmaslara başlayıb.
Bununla belə, əməliyyatı reallaşdırmaq asan olmayacaq, çünki parislilər 19 yaşlı yarımmüdafiəçisinə 100 milyon avro qiymət qoyub. PSJ rəhbərliyi sərt mövqe nümayiş etdirir və yalnız onların tələblərinə cavab verən təklif alınarsa, satış variantını nəzərdən keçirməyə hazırdır.
Zair-Emerinin fransız klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Zair Emeri PSJ-nin yetirməsidir. O, son mövsüm bütün turnirlərdə 51 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.