Bu gün "Qarabağ" Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində Belçikanın "Gent" komandasını qəbul edəcək.
Tanınmış təhsil eksperti Kamran Əsədovun futbol həvəskarı olduğunu nəzərə alaraq Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçı harada izləməyi planlaşdırdığını soruşduq və oyunla bağlı proqnozunu öyrəndik.
Kamran bəyin Fanat.Az-a açıqlaması belə oldu:
"Mən 1998-ci ildən bəri Azərbaycan çempionatını izləyirəm. 8 ildir ki, "Qarabağ"ın Avropa turnirlərindəki qələbələri bizi sevindirir. Bu il Azərbaycan çempionu 3 müxtəlif Avropa turnirində mübarizə apardı. Çempionlar Liqasında başladılar, ardından Avropa Liqasında çıxış etdilər, indi də Konfrans Liqasının pley-off mərhələsindədirlər.
Ağdam təmsilçisinin çempionatımızdakı son oyunlarını diqqət yetirsək, Gəncədə "Kəpəz"lə, daha sonra öz meydanında "Sabah"la 1:1 hesablı heç-heçələr edib. Elə daha öncə Tovuzda "Turan Tovuz"u da çətinliklə üstələmiş, 3:2 hesablı qələbə qazanmışdı. Yəni bütün hallarda komandanın çətinlikləri var. Təmsilçimiz iki hücumameyilli legionerini satıb. İndi çoxumuz millimizin də formasını geyinən Ramil Şeydayevə ümidliyik. Ramil bu mövsüm özünü istər "Qarabağ"da, istərsə də yığmada yaxşı tərəfdən göstərib. Düşünürəm ki, "Qarabağ" ən azı 2:0 hesabı ilə qalib gələcək. Rəqib səviyyəli, peşəkar klubdur. Belçika çempionatının səviyyəsi də yetərincə yüksəkdir. Ancaq hər şeyə rəğmən, 2:0 hesablı qələbə gözləyirəm.
Matça təbii ki, stadiondan baxacağam. "Qarabağ"ın avrokuboklardakı əvvəlki ev oyunlarını da həyat yoldaşımla bərabər tribunadan izləmişik və bu ənənəni davam etdirəcəyik".
Nihat