"Çelsi"nin baş məşqçisi Entso Mareska UEFA Konfrans Liqasının dünən baş tutan finalında "Betis" üzərində qazandıqları qələbəni (4:1) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:
"Çox səbəblərdən qürurlu və xoşbəxtəm. Mənə çox xoşdur. Amma qələbəni bir neçə il gözləyən azarkeşlərimiz də haqq edirdilər. Bu gündən, bu mövsümdən biz nəsə önəmli bir şey qurmağa başlayacağıq.
Klub son illərdə çox pul xərcləyib. İndi hamı uğur gözləyir.
İlk hissədə bir qədər üzgün idim. Məncə, oyuna düzgün yanaşmamışdıq. Eləcə də "Nottingem Forest"i məğlub edəndən sonra komanda bir qədər arxayınlaşmışdı. Mövsüm ərzində çempionatı Çempionlar Liqasına vəsiqə verən yerlərdən birində başa vurmaq haqda düşünmüşdük. Bu, baş verəndə sanki emosional durumumuz dəyişdi. Birinci hissədə əziyyət çəkməyimiz məhz bu məqamdan qaynaqlanır. İkinci hissədə isə daha yaxşı oynamağa başladıq və indi məmnunuq".
Xatırladaq ki, İngiltərə Premyer Liqasındakı mübarizəni 4-cü yerdə başa vuran "Çelsi" növbəti mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq.
Nihat