“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Kayrat”a (Qazaxıstan) qarşı keçirdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "köhlən atlar"ın çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
“Bakıdakı oyunda da qeyd etmişdim. Biz çox yaxşı bir komandaya qalib gəldik. Futbolçularımı təbrik edirəm. 90 dəqiqə ərzində meydanda yaxşı mübarizə getdi. Bu qələbə bizim üçün çox vacib idi. Səfərdə oynadığımıza görə, Bakıdakı oyundan daha çox diqqətli və motivasiyalı olmalı idik. Hava şəraitinə, meydançanın durumuna baxmayaraq, futbolçularım bütün çətinliklərə dözdülər, qalib gəlmək üçün əllərindən gələnin ən yaxşısını etdilər. Bu oyunda da müdafiədə oturmadıq, hücumda oynamağa çalışdıq. Rəqibin də qol şansları oldu. Amma müəyyən epizodlar istisna olmaqla, futbolçularım intizamlı oynamağa çalışdılar. “Kayrat”a, çox hörmətli Kurban Berdıyevə də gələcək oyunlarda uğurlar arzulayıram”.
Qurbanov çempionatda daha çox Emil Balayevin, avrokubok oyunlarında isə Şahruddin Məhəmmədəliyevin oynamasına da aydınlıq gətirib:
“Bunun hər hansı xüsusi bir səbəbi yoxdur. Hər iki qapıçı bizim üçün önəmlidir. Onların ikisinə də güvənirik. Qapıçı mövqeyi elədir ki, sadəcə, bir nəfərə şans vermək mümkündür. Biz də hər iki qapıçımıza şans veririk ki, öz oyun təcrübələrini qorusunlar”.
Qurbanov matçdan öncə Abdullah Zubirin zədəli olması ilə bağlı xəbərlərə də münasibət bildirib:
“Biz heç vaxt yalan danışmamışıq. Belə hiyləgərliklər də etməmişik. "Neftçi" ilə oyuna baxsaq, sona 2 dəqiqə qalmış Zubiri meydandan çıxardıq. Hətta əvəzetmələrimiz də bitmişdi. Yalan danışmağı xoşlamırıq. Sadəcə, bizdən açıqlama oyundan sonrakı gün olmuşdu. Ona görə də hansı müddətə oynaya bilməyəcəyi barədə fikir bildirə bilmədik. Meydana buraxmağa ehtiyatlanırdıq. Kiçik problemi olsa da, 2 gündən sonra özünə gəldi. Bu, yoğrunluqdan da irəli gələ bilərdi. Yəni, biz heç bir hiyləgərlik etməmişdik".