"Karyera baxımından ağır mövsüm keçirdim. Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım".
Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.
26 yaşlı hücumçu görüşün keçiriləcəyi “Dalğa Arena”dakı tədbirdə meydana qələbə üçün çıxacaqlarını bildirib: “Son görüşdəki nəticədən sonra bura daha yaxşı əhval-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”.
Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.