Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Maltayla yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis bunları deyib:
“Mən ilk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır. İyunda keçirəcəyimiz Millətlər Liqasında mübarizə aparacaq heyətin özəyini formalaşdırmağa çalışırıq. Çox güman, bu gün milliyə dəvət alanlar əksəriyyəti bizimlə birlikdə olacaq.
Heyət məsələsinə gəlincə, əvvəlki toplanışlara Eddi İsrafilovu dəvət edə bilmirdik. Bunun da əsas səbəbi COVID-19 pandemiyası və daha sonra klubsuz qalması idi. Bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki cəhətdən üstün cəhətləri var.
Namiq Ələsgərovun yüngül zədəsi var və sabahkı oyunda çıxış edə bilməyəcək. Həkimlər onu Latviya ilə oyuna hazır etməyə çalışırlar.
Keçən dəfə dediyim kimi, əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verirdik. Ancaq zaman göstərdi ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır. Bu səbəbdən gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik".
Qeyd edək ki, martın 25-də keçiriləcək Malta - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.