"Dinamo Zaqreb"in baş məşqçisi Jelko Kopiç xorvatiyalı jurnalistlərlə görüşüb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, "qəhvə görüşü"ndə Kopiç Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı da danışıb.
O, Mahirin Zaqreb “Dinamo”sunun son oyununda iştirak etməməsinin səbəbini açıqlayıb. Sən demə, hücumçu martın 12-də “Hayduk”la səfər matçında (0:0) zədəli halda oynayıb və bunu baş məşqçidən gizlədib: "Görürəm ki, həmişə mətbuatda Emrelinin niyə oynamamasını yazırsınız. Yaxşı, mən sizə hər şeyi açıqlayacam. Mahir bizə hazırlıqsız gəlmişdi və koronavirusun ağır formasını keçirmişdi. Oynamamasının səbəbi bu idi. “Hayduk”la oyunqabağı məşqdə yaxşı idi. Buna görə Polyuddakı matçda onu start heyətinə saldım. Ancaq ilk qaçışda əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi və yalnız sonradan onun əzələsinin çartladığını öyrəndik.
Mahirdən soruşanda ki, bunu niyə demədin, cavabında: "komandaya kömək etmək üçün gəldiyimi və məndən çox şey gözlədiyinizi bilirəm. Derbi matçı idi, dolu stadionda komanda yoldaşlarıma kömək etmək istəyirdim" dedi”.
Qeyd edək ki, Mahir Emreli “Hayduk”la qarşılaşmanın 55-ci dəqiqəsində əvəzlənib.