Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk qələbəsi ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1/8 finalda kubalı Xulio Sesar la Krusa qalib gəldiyi döyüşdən sonra jurnalistlərə sevincli olduğunu bildirib:
“Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır”.
Dominqesin növbəti döyüşü avqustun 1-də gerçəkləşəcək. O, 1/4 finalda Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.