10:32 12.03.2021 1539

\"Yaşar Məmmədov bizə deyirdi ki, Nazim İbrahimov toplanışların pulunu \"yeyir\"

Azərbaycan əlil arabasında qılıncoynatma milli komandasının baş məşqçisi Asəf Məlikovun Fanat.Az saytına müsahibəsi

"Yarışlara gedilmirsə, idmançıların peşəkarlığı artmır"

- İdmana gəlişiniz necə olub? Niyə məhz qılıncoynatma ?
- Universitetdə oxuduğum dövrlərdə həvəskar olaraq qılıncoynatma idman növü ilə məşğul olurdum. Hardasa 2004-2005-ci illərdə qızımda skalioz başladı. Çox oxuyurdu və bildiyiniz kimi bizdə məktəblərdə uşaqlara bədən tərbiyəsi dərsi elə də yüksək səviyyədə keçilmir. Bu səbəbdən qızımı həkimə apardım və uşağın idmanla məşğul olması tövsiyyə olundu. Belə hallarda ya qılıncoynatma, ya da üzgüçülüklə məşğul olmaq daha faydalıdır. Özüm də vaxtılə qılıncoynatma ilə məşğul olduğum üçün bu idman növünü seçdik. 2005-ci ildə federasiyanın zalına yaxınlaşdım. Ancaq burada rapira növü olmadığını dedilər. Üstəlik zal elə bir vəziyyətdə idi ki, normal şərait yox idi. Ona görə də fikrimdən yayınmalı oldum. 2008-ci ilin sonunda həmin zalın yanından keçəndə uşaqların məşq keçdiyini gördüm. Gözəl də şərait yaradılmışdı. Mən də uşağı gətirib yazdırdım qılıncoynatmaya. O vaxt baş məşqçi Tahir Hakimov mənə təklif etdi ki, özün də keçmiş qılıncoynadansan, bəlkə inkişaf etdirəsən. Həmin vaxtlar federasiyada baş katib Ramin Məmmədov idi. Keçmişdən tanışlığımız vardı. Elə 2009-cu ildə Tahir Hakimovun da dəstəyi ilə öz klubumuzu açdıq. Ancaq o dövrə kimi uşaqlarımı məşq etdirirdim, yarışlara göndərirdim. Uşaqlarımın sağlamlığı nöqteyi nəzərindən başlayaraq qılıncoynatmanı inkişaf etdirdik.

- Həmçinin əlil arabasında qılıncoynatma millimizin baş məşqçi olaraq çalışırsız. Maraqlıdır, bu idmançılar neçə seçilir, özünüz tapırsız, yoxsa onlar müraciət edir?
- Bizim "Fencing” İdman klubunda 2009-cu ildən olimpiya növünü tədris edirdik. Yarışlara da öz klubumuzun bayrağı altında yollanırdıq. 2012-ci ildə tələbəm Fatimə xanım mənə dedi ki, Kamal Məmmədov adlı şəxs əlil arabasında qılıncoynatma ilə məşğul olmaq istəyir. Fatimə xanımım köməkliyi ilə Kamal Məmmədovla tanış olduq və elə 2012-ci ildə əlil arabasında qılıncoynatmada fəaliyyətə başladıq. Kamal Məmmədov hazırda Milli Paralimpiya Federasiyasının baş katibidir. Əvvəllər o özü axtarışda olub, idmanla məşğul olmaq istəyib. Biz Fatimə xanım sayəsində bir-birimizi tanıdıq. Daha sonra Kamalla Qalib gəldi. Biz bərpa mərkəzində məşq edirdik və ora gələn insanlara əlil arabasında qılıncoynatma ilə məşğul olmağı təklif edirdik. Daha sonra Vüsalə Kərimova yazıldı, özü ilə Azadə Abdullayevanı gətirdi. Belə-belə 10-12 nəfərdən ibarət gözəl və güclü komanda qurduq. Amma əfsuslar olsun ki, həmin dövrdə cəmi bircə yarışa gedə bildik. İdmanda belə bir xüsusiyyət var ki, yarışlara gedilmirsə, idmançıların peşəkarlığı artmır. Ondan sonra isə heç bir yarış olmadı. Bu səbəbdən də elə bil komanda dağılmağa başladı. Bilirsiz necə, sağlamlığı yerində olanda insanların məşqlərə gəlməsi asandırsa, əlil arabasında məşqə gəlmək çox çətin prosesdir. Heç hər maşına arabanı da qoymaq olmur... Məşq zalımız hazırda Amay ticarət mərkəzində 3-cü mərtəbədə yerləşir, lift işləmiyən vaxtlarda məcbur olub idmançıları qucağımızda qaldırıb-düşürdürük. Belə amillər çətinliklər yaradır.

"Fransız həkim silahla oturaq idman hərəkətlərinin 17 xəstəliyin dərmanı olduğunu deyib"

- Yaş məhdudiyyəti varmı?
- Biz yaş məhdudiyyəti qoymuruq. Xaricdə uşaqları 3-4 yaşından qılıncoynatmaya yazdırırlar. Ancaq daha çox qılıncoynatma yox, gimnastik hərəkətləri üçün. Bədənin açılması, elastiklik gələcək üçün uşaqlara yaxşı perspektiv verir. Əlil arabasında isə bizdə cəmi 2 uşaq var. Ancaq qalanları artıq 20-25 yaşdan yuxarı nəsildir. Nərimanov Polis İdarəsinin yanında uşaqların bərpa mərkəzi var. Biz ora gedib, baş həkimə müraciət edib 100-ə yaxın vizit kartımızı verdik ki, uşaqlar əlil arabasında qılıncoynatmaya gəlsinlər. Hətta izah etdik ki, hələ XVIII əsrdə fransız həkim Tisso da öz kitabında silahla oturaq idman məşğələləri haqda yazıb və bu hərəkətlərin 17 xəstəliyin dərmanı olduğunu qeyd edib. Amma əfsuslar olsun ki, baş həkim deyəsən vizit kartlarımızı heç kimə vermədi. Çünki mümkün deyil ki, 100 vizit kartdan bir valideyn belə müraciət etməsin. Bu, ən böyük yaralı yerdir. Bəzən yolda əlil arabasında olan kiməsə yaxınlaşıb təklif edəndə, fikir verirsən ki, onlar biraz pessimistdilər. Uşaqlarda da, valideynlərində də o pessimistlik var. Valideynlər uşaqlarını bayıra çıxartmırlar, elə bil utanırlar deyə gizlədirlər. Axı utanmaq niyə?! Həyat yaşadıqca gözəldir. Məsələn, bizdə Kəmalə adlı xanım var. O, bir müddət özünə qapanıb, evdən bayıra çıxmayıb. Bir gün ona paraşütdən tullanmaq təklif olunub. Belarusiyada paraşütdən tullanmışdı. Sonra gəldi qılıncoynatmaya.Artıq o qədər pozitiv, həyata bağlıdır ki, onunla söhbət etmək belə insana pozitiv enerji verir. Yəni valideynlərin uşaqları evdə saxlaması özü bir problemdir.
 


"Psixoloqlarımız elə məşqçilərimizdir" 

- Aydın məsələdir ki, əlil arabasında qılıncoynatma üçün gələn idmançılar daha həssasdırlar. Onlarla məşğul olmaq üçün xüsusi olaraq psixoloq da cəlb olunur, yoxsa özünüz məşğul olursuz?
- Bizim evdə 3 psixoloq var. Həyat yoldaşım və iki qızım psixologiya üzrə təhsil alıblar. Bəlkə də bundan irəli gəlir. Ya da mənim bu yanaşmam onları bu psixologiyaya yönəldib. İstənilən bir sahədə uğur qazanmaq üçün qarşına məqsəd qoymalısan. İnsanın hədəflərinə çatdıran öz şəxsiyyətidir. Həyatda hər hansısa bir zirvəyə çıxmaq istəyən mütləq psixoloji cəhətdən hazır, çətinliklərə qarşı dözümlü olmalıdır. Ona görə biz ən böyük üstünlüyü uşaqların psixoloji hazırlığına veririk. Qələbə qazanmaq üçün psixoloji hazır olmalısan. Əlil idmançılarla çalışanda isə onlara həmişə deyirəm ki, əlil fikrini zala girəndə kənara atın. Çünki bu zala daxil olanda mənim üçün ayaqüstə, ya da arabada olmağınızın fərqi yoxdur. Mənim üçün idmançısız. İdmançı olduğunuz üçün sizə tapşırıqlar da verəcəm, yükləyəcəm də. Çempion olmaya bilərsiz, ancaq mənim sizə yanaşmam çempion olmaq kimi bir şeydir. Belədə, onlarda özünəinam yaranır. Bu, həm nəticə verir, həm də bizi ailə kimi birləşdirir. Biz həm klubda, həm əlil arabasında qılıncoynatma federasiyasında bir ailəyik.

Öz məşqçilərimiz özlüyündə elə psixoloqdur. Çünki hər hansı psixoloqun bu idman sahəsini bilmədiyi halda, gəlib nəsə məsləhət verməsi gülüncdür. Gərək bunu yaşayasan, işin incəliklərindən xəbərdar olasan. Bizim psixoloqlarımız elə məşqçilərimizdir. İdmançılarımızın vəziyyətlərini öncədən bilirik. Bizim elə idmançımız var ki, çox yaxın adamı intihar edib deyə özünə qapanıb. Biz onunla danışırıq. Yenə də deyirəm, onlar zala girəndə əlil anlayışı qapının çölündə qalır. Siz idmançısız, siz çempionsuz, həyata pozitiv baxmalısınız, deyirik. Onda insan dəyişir. Elə idmançımız olub ki, musiqi belə dinlmək istəmir. Onları bu durumdan idmanın köməyi ilə çıxarırıq.

- Sosial şəbəkələrdə paylaşımlarınızda da bu haqda qeydləriniz olub. Xüsusilə, son vaxtlar ölkəmizdə gənclər, qazilər arasında intihar halının geniş yayılması məsələsinə toxunursuz. Bu durumun səbəbini və bu vəziyyətdən çıxış yolunu nədə görürsüz?
- Bunun ən böyük problemi idman zallarının bağlı olmasıdır. Qazilərimizin, gənclərimizin intihar etməsi mənə çox təsir edir. Hər bir dövrün öz yaxşıları da var, pisləri də. SSRİ dövründə uşaqların oktyabryat, pioner, gənclərin komsomol təşkilatları vardı. Bu təşkilatlar uşaqları birləşdirirdi, onları hansısa dərnəklərə, idman növlərinə cəlb edirdilər. Sonradan dağıdıldı, yoxa çıxdı... Dağıtmaq asandır, amma alternativ qoymaq lazımdır. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə gəncləri birləşdirmək üçün idmana dəstəyini göstərdi. 1996-cı ildə hazırki prezidentimiz İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti təyin olundu və ilk cıxışında dedi ki, bu günə kimi gənclərə, idmana olan dəstək aşağı səviyyədə olub, bununla nəticə olmaz. Söhbət medallardan getmir, söhbət gənclərin bir yerdə olmasından, onları birləşdirməkdən gedir. Biz bu gün gəncləri hər hansı bir maraq ətrafında birləşdirə biləriksə, onda demək olar ki, onları hansısa pis vərdişlərdən, və ya özünəqapanmadan, intihara meyillilikdən qurtara bilərik. Amma bu gün idman zalları bağlı, idman məktəbləri bağlı, gənclər hamısı telefonda... Telefonda min dənə proqram var. Uşaqlara nə qədər danışırsan danış, dərk etmir. Yarım saat psixoloq yanında oturmaqla nə dəyişəcək?! Amma 2 saat məşq edəndə, uşağa hansısa idman növü aşılanır, kollektivdə necə davranmaq lazım olduğunu öyrənir və sair. Öyrədilmir, özü öyrənir. Praktiki olaraq götürdüyü üçün bu daha yaxşıdır. Amma əfsuslar olsun ki, məşqlər keçirməyə icazə verilmir. Bu hal gəncləri daha da özünə qapandırır. Pessimizm isə bundan yaranır.

"Əlil arabasında qılıncoynatmada sırf idman, medal düşünməkləri qəribədir"

- Vətən müharibəsi qaziləri ilə bağlı hər hansı planınız varmı?
- Həm klub, həm də federasiyadan Milli Paralimpiya Komitəsinə müraciət etdik və bizə bildirdilər ki, bu sahədə iş gedir. Çünki biz bu komitəyə bağlıyıq, bizə idmançılar onların vasitəsi ilə gəlir. Bu gün bildiyiniz kimi, bərpa mərkəzləri bağlıdır, ona görə də qazilərimiz haqqında bizdə məlumat yoxdur. Amma biz onları idmana cəlb etməyi çox istəyirik. Çünki bu gün onlara təmənnasız dəstək göstərmək imkanımız var. Ancaq təəssüf ki, bizdə onlarla bağlı məlumat yoxdur.

- Bu vəziyyət pandemiya ilə bağlıdır?
- Böyük ehtimalla. Çünki zallar açıq olsa, fəaliyyətə keçib Sosial Müdafiə fondlarına müraciət edərdik. Bu gün Əhalinin Sosial Müdafiə Nazirliyi var, Paralimpiya Komitəsi var, müəyyən dəstək o tərəfdən alınmalıdır. Ancaq pandemiya ilə əlaqədar hər yer bağlıdır. Ona görə də, həmin o idmançılardan bir növ qopmuş sayılırıq. Muzeyin açılmasına icazə verilir. Orda insanlarla iki metr məsafədə dayanmalısan. İdman zallarında onsuz da belədir. Qılıncoynatma elə iki metr məsafədən yerinə yetirilən idman növüdür. Hansı səbəbdən bizə icazə verilmir, onu dərk edə bilmirəm.

- Artıq 1 ildir koronavirus pandemiyası ilə əlaqədar karantin davam edir. Bəs idmançılarla əlaqələriniz varmı? Necə məşq edirlər?
- Onlayn məşqlər keçirik. Amma onlayn məşq ilə üz-üzə məşq eyni deyil. Mən çox istərdim ki, bizim idmançılarla da söhbət edəsiz. Hər birinin həyat tarixçəsi ayrıdır. Eləsi var ki, uşaq vaxtı Moskvada avtomobil qəzası keçirib, illərcə evdə oturub, eləsi var ki, 8 yaşında yük maşınının altında qalıb, eləsi var ki, əsgərliyə gedib qayıtdıqdan sonra xəsətələnib, eləsi var tikintidən yıxılıb, eləsi var atəşkəs dövründə cəbhədə güllə yarası alıb, ayağını itirib, amma bədbinliyə idmançımız yoxdur. Psixoloji dəstək yalnız psixoloqun kabinetində tet-a-tet danışmaq deyil, psixoloji dəstək idmanladır.

Məsələn, bir tələbəmiz var, Azad Abbasov, hazırda Almaniyadadır orda yarışlarda hər 3 növdə çox gözəl nəticələr göstərir. Bizim yığmanın üzvü idi, dəstək verilmədi, yarışlara göndərilmədi deyə getdi Almaniyaya. Düzdü, vətəndaşlıq almayıb, orada işləməyə gedib, amma Azərbaycanın bayrağı altında çıxış etməyi arzulayır. Bu biri federasiyaları başa düşürəm, medal arxasınca qaçırlar, legioner gətirirlər, amma əlil arabasında qılıncoynatmada sırf idman, medal düşünməkləri qəribədir. Burda bu insanların sağlamlığı, həyata bağlılığı əsas amildir.
 


"Valideynlərimiz icarə haqqımızı ödəməkdə kömək ediblər"

- Klublardan zallardan söhbət düşmüşkən, federasiya ilə klubların münasibəti necədir, dəstək göstərilirmi?
- İdman klubları ilə əlaqədar olaraq bizim dövlət proqramımız çox gözəldir. Bu proqramda bütün sahələr özünü əks etdirib. Amma əfsuslar olsun ki, Gənclər və İdman Nazirliyi müəyyən məsələləri öz üzərində saxlayır, müəyyən məsələləri federasiyalara həvalə edir. Federasiyaların nizamnamələrində idman klubları və məktəblərinə dəstək verilməsi göstərilib. Məlum məsələdir ki, idman məktəbləri Təhsil Nazirliyinin balansındadır və onlar artıq ordan dəstək alırlar. Amma idman klubları özəl olduğu üçün dövlət proqramından kənardadılar və yalnız sponsor sayəsində fəaliyyət göstərə bilərlər. Çox-çox əfsuslar olsun ki, federasiyalar klublara deyil, idman məktəblərinə dəstək verirlər. Düşünün, idman məktəbi zal axtarışında deyil, Təhsil Nazirliyi istənilən məktəbi məşqlər üçün təsis edə bilər. Dövlət xətti ilə öz idmançılarına, öz məşqçilərinə inventar təminatını həyata keçirib, məşqçilərinə əməkhaqqı verir. Bunununla yanaşı federasiya da məşqçilərə, həmin məktəblərə dəstək verir. Amma sıra kluba gələndə, deyirlər siz özəlsiniz, özünüz etməlisiniz. Bir ildən artıqdir ki, idman sahəsi bağlıdır və tam olmasa da, icarə haqqının bir hissəsini ödəyirik. İmkanı olan valideynlərimiz icarə haqqımızı ödəməkdə, invertar alınmasında müəyyən köməklik ediblər. Başqa hər şey öz vəsaitimiz hesabınadır. Biz həftənin 7 günü məşq keçə bilərik. Amma biz yanız şənbə bazar keçirik. Çünk həftənin 5 günü ailəni dolandırmaq, klubun icarə haqqını çıxarmaq üçün işləyirik. Qalan iki günü isə məşq keçirik. Amma bu günə kimi heç kimdən dəstək almamışıq. Müraciət edirik, lakin müraciətimiz cavabsız qalır.

"Federasiyalar medal barəsində cənab prezidentimizə raport vermək üçün bir-birləri ilə yarışırlar"

- Buna səbəb nədir?
- Vallah, səbəbini mən də anlamıram. Dövlət proqramı deyərdim, amma orda da bu, özünü açıq-aydın əks etdirib. Nizamnamə kiminsə oturub yazdığı deyil, dövlətin proqramına uyğun olub təsdiqlənən qərardır. Orada da göstərilib ki, respublika ərazisində fəaliyyət göstərən idman klublarına dəstək verilməlidir.

Federasiyalar medal barəsində cənab prezidentimizə raport vermək üçün bir-birləri ilə yarışırlar. 3-5 legioner gətirib, prezindentə raport verirlər ki, mənə qədər heç bir medal yox idi, mən bir neçə aydır gəlmişəm və artıq bizdə medal var. Bəs o idmançı bu bir neçə ay ərzindəmi yetişib? Gətirilən o legionerləri araşdıran belə yoxdur. Bu gün 30 uşağın idmana cəlb olunmasının qarşısını alırsansa, o uşaqlardan mütləq bir neçəsi sabah intihara meyilli olacaq. Legionerə xərclənən vəsaiti öz idmançına sərf et. Bu birinci tərəfidir. İkinci tərəfi isə, sağlam gəncliyin olmamasıdır. Hər hansısa bir federasiya rəsmisi barmağını qatlayıb desin k, hansısa milliləşdirilmiş bir legioner Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində vuruşub. Hamısı gedib oturdu öz dövlətində, məşqini davam etdirdi, heç vecinə də almadı. Onda Azərbaycan dəyəri varmı? Amma gedib vuruşan bizim gənclər idi. Bəs həmin gənclər idman məktəbinə gələndə ona hansı şəraiti yaratdız? Bu gün o gənclərdən nəsə tələb edəndə, özün öz vicdanına sual verməlisən ki, mən o gənclər üçün nə etdim? Bu gün federasiya rəhbərləri "şanlı Azərbaycan ordusu" yazıb paylaşırlar. Şanlı Azərbaycan ordusu kimdən ibarətdir? O uşaqlar məşqə gələndə, sən onun üçün nə etmişdin? Birinə qılınc alıb verdin, birinə əlçək alıb verdin?! Sən heç nə etmədin. Niyə? Dedin, mənə aidiyyatı yoxdur, mənim idman məktəbimdən deyil.

Mən 2019-2020-ci illərdə Makaoda (Çin) çalışmışam. Atam rəhmətə getmişdi deyə Bakiya qayıtdım. Daha sonra da qızım ailə qurdu. Baş qarışdı və ardı ilə sərhədlər bağlandı, müharibə başladı deyə qayıtmaq alınmadı. Makaoda dövlətin gözəl bir proqramı var: ailədə olan uşaqların sayına görə dövlət pul ayrılıb. Kartda olan bu vəsait yalnız uşaqların inkişafı üçün ayrılıb. İdman, musiqi və ya başqa məşğuliyyət üçün. Bu pul yalnız bunlar üçün xərclənə bilər. İlin sonuna qədər pul xərclənməyibsə, dövlətin hesabına keçir və yeni ildən yenidən verilir. Bu nə üçündür? Orada yaşlı nəsil hamısı balaca boydular, yeni nəsil isə, hamısı hündür və cüssəlidir. Çünki onlar artıq başa düşüblər ki, bu insanların sonradan səhiyyəsinə, müalicəsinə, əlilliyinə pul xərcləməkdənsə, uşaq yaşlarından idmana cəlb olunmasına, sağlam yetişməklərinə pul ayırsa, gələcəkdə sosial müavinət verməyə ehtiyac qalmaz. Gənc nəsli sağlam yetişdirməyə çalışırlar və beləcə gələcəklərini sığortalayırlar. Bizdə isə əksinədir. Olanı da məhv edirlər, işləmək istəyənin də qarşısını alırlar.
 


"Federasiya rəhbərliyi məktub araşdırılmadan, şahidlər dindirilmədən, bizdən xəbərsiz qərar verdi"

- Qarşısını necə və niyə alırlar?
- Üç qızımın üçü də qılıncoynatma ilə məşğul olur. Ortancıl qızım Məhin Məlikova 2017-ci ilin Azərbaycan çempionudur. 2018-ci ildə ona qarşı olunan qərəzli mövqeyə kobudluqla cavab vermədiyi halda, qara vərəqə göstərildi. Ondan sonra "Birimiz hamımız, hamımız birimiz üçün" deyərək, etiraz edib yarışdan ayrıldıq. Əfsuslar olsun ki, bu məsələ federasiya rəhbərliyi tərəfindən araşdırılmadı və biz təqsirkar qaldıq. Məsələ ondadır ki, biz məktubla bu haqda müraciət etdik. Federasiya rəhbərliyi məktub araşdırılmadan, şahidlər dindirilmədən, bizdən xəbərsiz qərar verdi. Hadisə olub 2018-ci ilin may ayında, sentyabrda növbəti yarışa gedəndə bizə dedilər ki, federasiyanın qərarı var, siz yarışa buraxılmırsız. Səbəb kimi isə İntizam Komitəsinin qərarını göstərdilər. Həmin dövrdən sonra biz demək olar ki, federasiyadan ayrı qaldıq.

"Yaşar Məmmədov bizə deyirdi ki, əməkhaqqılar verilmir, Nazim İbrahimov toplanışların pulunu "yeyir"

- Qərəzli movqeyin səbəbi nə idi?
- 2017-cil ildə Nazim İbrahimovun federasiyanın rəhbəri olduğu dövrdə vitse-prezident Yaşar Məmmədov bizə deyirdi ki, əməkhaqqılar verilmir, Nazim İbrahimov toplanışların pulunu "yeyir". Bu səbəbdən hətta Bakı-2015-də bizim komanda çox pis çıxış etdi. Rapira növü ümumiyyətlə yarışa buraxılmadı. Amma səbəb idmançılar və məşqçilərlə bağlı deyildi, səbəb o idi ki, həmin idmançılar heç bir təlim məşq toplanışı görməmişdi. Və bu sözü mən demirəm. Cənab Prezidentimiz İlham Əliyev hələ 1996-cı ildə çıxışında demişdi ki, təlim məşq toplanışına getməmiş idmançı heç bir nəticə verə bilməz. Bu mənim dediyim deyil, bu, ümumiyyətlə aksiomdur. Bu aksiomu məndən eşidəndə xortdan görmüş kimi dala çəkilib, Nazim İbrahimov pul vermir, vəsait ayırmır, dedilər.

"Oğrunu deyil, oğurluğu üzə çıxardanı cəzalandırırlar"

2017-ci ilin mart ayında Nazim İbrahimov şəxsən mənə müraciət etdi ki, təftiş komissiyasının sədri olaraq bu məsələni araşdırım. Araşdırma zamanı müəyyən olundu ki, həmin dövrdə Nazim İbrahimov tərəfindən 1 milyon 120 min dollardan artıq məbləğində pul ayrılıb və federasiyanın birinci vitse-prezidenti Rəşad Məmmədova verilib. Onun idmançılara payladığı, yarışlara, təlim-məşq toplanışlarına, əmək haqlarına verdiyi pul təqribən 250-260 min dollar edir. 853 min dollar isə yox idi. Yeyinti olmuşdu. Bu səbəbdən təftiş komissiyası öz rəyini hazırladı və seçki iclasında federasiyanın prezidenti olan Nazim İbrahimova təqdim edildi. Həmin iclasda Yaşar Məmmədov, federasiyanın bütün məşqçiləri, üzvləri də iştirak edirdi. Nazim İbrahimovun bizə dediyi daha yüksək məbləğ idi. Lakin o məbləğin çoxu rəsmi şəkildə verilməmişdi, yəni qeydiyyatı olmayan sənədlər idi. Amma raportda qeyd olunan məbləğ rəsmi olaraq göstərilmiş, tarixlərinə qədər qeyd olunmuş məbləğlər idi. Yaşar Məmmədovdan qalan pulun hara xərcləndiyi soruşulanda bilmədiyini dedi. "Bilmirəm" deməklə məsuliyyəti üzərindən atmaq olmur axı. Bundan sonra Yaşar Məmmədov vəzifədən uzaqlaşdırıldı, həmin iclasda təkrar seçki keçirildi və Yaşar Məmmədova vəzifə verilmədi. Əfsuslar ki, Nazim İbrahimov istefa verəndən sonra Yaşar Məmmədov federasiyanın yeni prezidenti Mikayıl Cabbarovun müşaviri təyin olundu. O, vəzifəyə qayıtdıqdan sonra bizə qarşı qərəzli mövqeyin hardan yarandığı aydın oldu. Bizdəki bu tendensiyanı başa düşə bilmirəm... Oğurluq varsa, oğrunu deyil, oğurluğu üzə çıxardanı cəzalandırırlar.
 


- Elə həmin illərdə Yaşar Məmmədovu pedofiliyada ittiham etmişdiz və sizi məhkəməyə vermişdi. Bu qalmaqallı məsələnin sonu necə oldu?
- Bu məsələni mən qaldırmamışdım. Bu faktı ortaya qoymuşamsa da, bunu ictimailəşdirməmişəm. Adam özü bu məsələni ictimailəşdirmişdi. Özü gedib bəzi əlinin altında olan qızlar vasitəsilə məni məhkəməyə vermişdi. Mən də "problem yoxdur, məni məhkəmə verəcəksənsə, faktları ortaya qoyacam" dedim. Sonra geri götürdülər. Onlar elə bilirdilər ki, mənim əlimdə faktlar yoxdur. Ancaq sonra bəzi məsələlərlə tanış olandan sonra geri addım atdılar.

Çalışıram ki, idmançılarımızı bu söhbətlərdən uzaq tutum. Bizə dedilər ki, uşaqlar gəlib bizim zalda məşğul olsunlar. Mən də dedim ki, bizim klubumuz öz zalımızda öz məşq prosesimizdə bir ailə ab-havası yaradıb. Bizdə heç vaxt böyük kiçiyin xətrinə dəyməz, kiçik böyüyə hörmətsizik etməz. Onlar üçün biz ailənin davamı kimiyik, ikinci ailəyik. O biri zala göndərməməyimizin səbəbi odur ki, oradakı çirkin, idmanımızın neqativ şeylərini uşaqlar görməsin. İnsan nə qədər pozitiv şeylər görürsə, özü də o qədər pozitiv olur.

- Sonda əsas mövzumuz olan gəncləri yanlış qərarlardan çəkindirib, idmana gəlməyə səsləyəkmi?
- Pessimizmə qapılmaq lazım deyil. Həyata həmişə optimist nəzərlərlə baxın. Həyatına son qoyan gənclər fikirləşirlər ki, hansısa problemdən qaçırlar, amma bu, yanlışdır. Çünki o, ilk növbədə öz valideynini, öz xalqını, dövlətini, torpağını düşünməlidir. Sabah bu Azərbaycanı Azərbaycanın gəncliyi xilas edə bilər. Düşmənlərimiz heç də bitməyib, onlar var və yəqin ki, hər zaman da olacaq. Biz nə qədər də xoşməramlı olsaq da, düşmənlərimizin xoşməramlı olacağına zəmənatimiz yoxdur. Bu səbəbdən də dəyər idmandır, dəyər birləşmiş ümumi maraqdır. Və ümumi maraq nə qədər sağlam, nə qədər pozitiv olsa, o insanlarda da gələcəyə inam olacaq.

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X