Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"El Nacional": "Bayern Münhen" "Barselona"nın hücumçusunu heyətinə qatmaq istəyir. Söhbət Fransa millisinin üzvü Usman Dembeledən gedir. Almaniya təmsilçisi transferi gələn yay reallaşdırmaq niyyətindədir. Dembelenin keçidi "Bayern"ə 50 milyon avroya başa gələcək.
"Media Foot": PSJ "Arsenal"ın müdafiəçisi Uilyam Saliba ilə maraqlanır. Futbolçunun londonlular ilə müqaviləsini yeniləməsinə baxmayaraq, PSJ 21 yaşlı fransalı üçün təklif göndərəcək.
"El Nacional": "Barselona"nın Ansu Fatini satacağı ilə bağlı iddialar yayılıb. Futbolçu komandasını dəyişmək fikrində deyil. Baş məşqçi Xavi də Fatinin "Kamp Nou"da qalmasını istəyir. Lakin klub rəhbərliyinin fikrincə, Ansu Fatini satıb komandanı daha təcrübəli futbolçu ilə gücləndirmək olar.
"Daily Record": "Arsenal" Portuqaliya millisinin futbolçusuna elçi düşüb. London təmsilçisi "Atletiko Madrid"in hücumçusu Joau Feliksi heyətinə qatmaq niyyətindədir. İspanlar maliyyə feyr-pleyini pozmamaq üçün Joaunu yanvarda buraxmağa hazırdır.
"L’Équipe": Braziliya millisi baş məşqçisi Titenin gedişindən sonra yeni çalışdırıcı axtarışındadır. Komandanın baş məşqçisi postuna namizədlər açıqlanıb. Braziliya konfederasiyasının rəhbərliyi yığmanın başına böyük titullar qazanmış əcnəbi məşqçi gətirmək fikrindədir. Onların siyahısında Zinəddin Zidan, Maurisio Poçettino, Tomas Tuxel və Rafael Benites yer alıb.
Röya Kərimli