"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Belçikada "Gent"in qonağı olacaq.
"Qarabağ"ın və Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın səfər oyunu barədə fikirlərini bölüşüb:
"Bakıdakı oyun göstərdi ki, komandalar bu duelə hazırlıqlıdır. Tərəflər bir-birini yaxşı təhlil etmişdilər, güclü və zəif cəhətlərini öyrənmişdilər. Buna görə də birinin digəri üzərində ciddi üstünlüyü yox idi. Əslində, bu mərhələdə "Qarabağ"ın "Gent"dən bir baş üstün oynamasını gözləmək məntiqsiz olardı. Avrokubokların pley-offunda təsadüfi komanda olmur.
İlk matçda "Qarabağ"ın xeyrinə olan amil fərdi keyfiyyətli oyunçuları və doğma meydanda çıxış etməsi idi. Fikrimcə, "Gent"lə müqayisədə təmsilçimizdə daha yüksək səviyyəli futbolçular var. Oyun planında da "Qarabağ"da dəyişikliklər var idi. Sonda qol vurmağımız yerinə düşdü. Belədə komanda səfərə üstün yollandı.
"Gent"in hücumdan müdafiəyə qayıtması zəif idi, bu fazada axsayırdılar. Başqa sözlə, "Qarabağ"ın sürətli həmlələri zamanı müdafiəni vaxtında və effektli təşkil edə bilmirdilər. Qurban Qurbanovun komandası da bu boşluqdan yararlanmağa çalışırdı. Deyərdim ki, bu, pis alınmırdı.
Bakıdakı oyunda qapıçı mövqeyi barədə onu deyə bilərəm ki, Luka Quqeşaşvili normal çıxış etdi. Halbuki, oyun ərəfəsində narahatlıq var idi. Şahruddin Məhəmmədəliyevin yoxluğu, Amin Ramazanovun təcrübəsinin azlığı, gürcü qolkiperə təzyiq fonunda narahatlıq yaradırdı. Amma görünür bu, mətbuat tərəfindən həddindən artıq şişirdilmişdi. Quqeşaşvilinin mental hazırlığı yerində idi. Düzdür, "Gent" o qədər də çox hücum etmədiyi üçün o, çox təzyiq hiss etmədi.
Cavab görüşü asan keçməyəcək. Çünki "Gent" daha çox hücum edəcək. Düzdür, "Qarabağ"ın avrokuboklardakı statistikası göstərir ki, təmsilçimiz səfər oyunlarında daha inamlı çıxış edir. Rəqiblərin "ev"də açıq futbola üstünlük verməsi buna şərait yaradır. Bu dəfə də belə olacağını düşünürəm. Səfərdə azı 5-6 real qol imkanı yaranacaq. Hücum xəttinin bu fürsətləri necə reallaşdıracağından çox şey asılıdır. Bir də qapıçı və müdafiəçilər fərdi, texniki səhvlərə yol verməməlidir. Gentdə Quqeşaşviliyə təzyiq daha çox ola bilər. Gürcü qapıçı mental olaraq özünü hazırlamalıdır. Bu oyun bir növ onun üçün sınaq olacaq".
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.
Mirağa