Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində fevralın 22-də Bolqarıstanın Razgrad şəhərində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Servett” (İsveçrə) görüşünün baş hakimi həmyerlimiz olacaq.
36 yaşlı ədalət təmsilçisinə cavab oyununda Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautrel olacaq.
Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.