"Araz Saatlı" iranlı forvardı Elşən Sabbağini MOİK-ə icarəyə göndərib. Halbuki komanda özü çətin durumdadır və bu baxımdan legioner hücumçunun transferi Saatlı təmsilçisinin özünə hava-su kimi lazım idi.
"Pambıqçılar"ın mətbuat xidməti ilə əlaqə saxlayıb məsələylə bağlı fikirlərini öyrəndik.
Bölgə təmsilçisinin sözçüsü Kamal Rzanın Fanat.Az-a açıqlaması belə oldu:
"Elşən rayon mühitinə uyğunlaşa bilmirdi. Ailəsi Bakıda qalırdı deyə, müəyyən problemlər yaşayırdı. Bizimlə danışanda qış transfer dönəmində Bakı klublarından birinə keçmək istədiyini bildirirdi. Onun seçiminə hörmət edərək qərarını dəstəklədik. Elşən işinə və yaxın ətrafına hörmətlə yanaşan futbolçudur. Klubumuz onsuz da qış transfer dönəmində güclənib. Biz də istəmirdik ki, Elşən ehtiyatda qalsın. Ona uğurlar arzu edirik".
Qeyd edək ki, Elşən Sabbaği cari mövsüm Saatlı təmsilçisinin heyətində 8 oyunda forma geyinib və 1 qol vurub.
Nahid Məmmədov