Topaz Premyer Liqasının XXXV turunda 2014/15 mövsümünün ilk pokeri qeydə alınıb. Fanat.az xəbər verir ki, AZAL-ın futbolçusu Freddi Mombonqo “Simurq”la qarşılaşmada (5:0) 4 qola imza atıb.
Ölkə çempionatlarında sonuncu belə hadisə 2012/13 mövsümündə qeydə alınmışdı. 3 pokerin qeydə alındığı həmin çempionatdan sonra heç bir futbolçu bir matçda 3-dən artıq qol vurmamışdı.
Sonuncu pokerin müəllifi isə Pərdis Fərcad-Azad olub. 802 gün əvvəl - 2013-cü il martın 11-də baş tutan “Sumqayıt” - “Turan” görüşündə (4:0) bütün qolları Pərdis vurmuşdu.
Mombonqo Azərbaycan milli çempionatlarının 23 illik tarixinin 37-ci pokerinin müəllifi olub. Afrikalı legioner AZAL-ın Premyer Liqada 2-ci pokerinə imza atıb. 978 gün əvvəl, elə 2012/13 mövsümündə Junior Nildo “Qarabağ”la görüşün qəhrəmanı olmuşdu. 2012-ci il sentyabrın 16-dakı matçda bakılılar 6:2 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, ölkə çempionatları tarixində bir futbolçu 8 dəfə 5, 1 dəfə 6, 2 dəfə 7 qola imza atıb.
Fanat.az