Yetişdirdiyi istedadlarla daim adından söz etdirən Tovuz ikinci mövsümdür ki, I divizionda təmsil olunur. Keçmiş əzəmətindən uzaq, futbol məktəbi kimi tanınan bu rayon elitadan kənarda qalsa da, missiyasını davam etdirməkdədi. Milli komandalarımız və digər klublarda yetərincə tovuzlu futbolçu çıxış edir. Elə “Turan Tovuz”un heyətində də hazırda kifayət qədər gənc istedadlar yetişməkdədi. Onlardan biri də Emin Mirzəliyevdi. “Turan”ın yetirməsi olan gənc futbolçu hələ U-14 komandasında çıxış edərkən diqqətləri üzərinə çəkib və qısa müddət ərzində əsas heyətin üzvünə çevrilə bilib. Bundan başqa Emin U-17 və U-19 milli komandalarında çıxış etməyə də imkan tapıb. Gənc futbolçu ilə söhbətləşib vəziyəti ilə maraqlandıq.
- Fikrimcə, bu mövsüm pis çıxış etmədik. Bir-neçə oyunu çıxmaqla bütün matçlarda baxımlı oyunla yanaşı vacib qələbələr də qazandıq. Bu müddətdə gənc futbolçularımız üçün də özlərini göstərməsi üçün əla imkan yaranmışdı. Nəticədə bir çoxumuz bu fürsətdən layiqincə yararlandıq.
- Mövsüm başa çatıb. Gələcək planların nədi?
- Hazırda istirahətdəyik. Qarşıda nə olacağını deyə bilmərəm. Ümid edirəm ki, bu mövsüm mənim üçün dönüş olacaq. Özümü hazır sayıram.
- Tovuzda qalacaqsan, ya başqa təkliflər varmı?
- Hazırda bu haqda nəsə demək tezdi. Mən Tovuz futbolunun yetirməsiyəm. İlk öncə doğma komandamla uğurlar qazanmaq istəyirəm. Lakin başqa təkliflər də var. Yəqinki, yaxın günlərdə bu haqda yekun qərar verəcəm.
- Təkliflər Premyer Liqa klublarındandı?
- Ad çəkmək istəmirəm, amma mənimlə maraqlanan klublar Premyer Liqa klublarıdı.
- Vaxtilə müvafiq yaş qrupları üzrə milli komandalara dəvət alırdın. Son zamanlar isə dəvət almırsan...
- Düzdü U-17 və U-19-da çıxış etmişəm. Ötən mövsümün əvvəlində aldığım zədə oyunuma da təsir etmişdi. Hətta millidən (U-21) dəvət də almışdım. Lakin zədələndiyimə görə adım siyahıdan çıxarıldı. Çox şükür hər şey geridə qalıb. Artıq milliyə qayıtmaq məşqlərdə və oyunlarda bütün gücümü qoyuram. Ümid edirəm, yenidən məşqçilərin diqqətini çəkə biləcəm.
Fanat.az