İyunun 20-dən Gəncədə seleksiya xarakterli təlim-məşq toplanışına başlayan “Kəpəz” hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. Klubun mətbuat xidmətindən Fanat.az-a verilən məlumata görə, dünən Gəncə şəhər stadionunda keçirilən matçda komandanın rəqibi Qəbələnin həvəskarlardan ibarət eyniadlı təmsilçisi olub.
Havanın olduqca isti olmasına baxmayaraq sevimlilərini dəstəkləmək üçün arenya 300-ə yaxın azarkeş gəlib. Rəqib qarşısına hər hissədə bir heyətlə çıxan “Kəpəz” üçün oyun yaxşı başlamayıb. Həvəskarlar ilk yarıda hesabı açıb. Amma fasilədən sonra komandanın gənc yarımmüdafiəçisi Rəhman Allahverdiyev hesabı bərabərləşdirərək, həm də son nəticəni təyin edib - 1:1.
“Qəbələ” ilə oyunda komandanın məşqçilər korpusu 21 futbolçunu baxışdan keçirib. Onlar haqda qərar qarşıdakı günlərdə veriləcək. Bu yerdə “Kəpəz”in iyunun 26-da Gəncədə “Turan Tovuz”la qarşılaşacağını da əlavə edək.
Qeyd edək ki, matçdan sonra meydançada azarkeşlərlə komandanın baş məşqçisi Şahin Diniyev arasında görüş keçirilib. Görüşdə Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov və klubun icraçı direktoru Mehman Allahverdiyev də iştirak edib. Komandanın gələcək planları ilə maraqlanan 50-yə yaxın fanat baş məşqçiyə suallar ünvanlandırıb. Azarkeşlərin bütün suallarını həvəslə cavablandıran Diniyev onları səbrli olmağa və komandaya dəstək verməyə çağırıb.
Təxminən 20 dəqiqə davam edən ayaqüstü söhbətdən sonra azarkeşlər Şahin müəllimlə şəkil çəkdirib. Baş məşqçi sonda mətbuat işçilərini maraqlandıran sualları da cavabsız qoymayıb.
Fanat.az