Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlarını davam etdirir. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, avqustun 31-dən məşqlərini Odessada gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə olmaqla məşq edir.
Yığmaların düşərgəsində olan futbolçular – Nika Kvekveskiri, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov, Teo Uiks, Sergey Zenyov, Elvin Camalov və Sadiq Quliyev hazırlıqlarda iştirak etmir.
“Qəbələ”nin yeni transferi xorvatiyalı Petar Franyiç artıq 3 gündü məşqlərə qatılıb. “Qırmızı-qaralar” hazırlıq çərçivəsində baş tutacaq yeganə yoxlama oyununa sabah çıxacaq. Roman Qriqorçukun yetirmələri Moldovanın “Dinamo-Avto” klubu ilə görüşəcək. 2009-cu ildə yaradılan bu komanda 2015-2016-cı illər mövsümündə Moldova çempionatının 5-cisi olub. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.
Fanat.Az