"Neftçi"nin Premyer Liqanın IV turu çərçivəsində "Qəbələ"yə 0:8 uduzması klubun sabiq legioneri biganə qalmayıb. Fanat.Az xəbər verir ki, komandanın sabiq kapiatnı Flavinyodan sonra 4 il "ağ-qara" formanı geyinmiş Saşa Stamenkoviç də danışıb.
Hazırda Qazaxıstanın "Okjetpes" klubunda çıxış edən serbiyalı qapıçı "Neftchi Baku (Fan Page)” səhifəsinə göndərdiyi müraciətdə bunları qeyd edib: "Neftçi”nin azarkeşi və 4 il klubun formasını geymiş biri kimi hazırkı rəhbərliyi, Müşahidə Şurasını tam heyətlə istefaya çağırıram. Azərbaycanın ən böyük klubunu daha biabır etmək olmaz. Sizin şəxsi maraqlarınız, pul böldüyünüz futbolçuları mühafizə etməyiniz... bunu mənə də təklif etmişdiniz. Haqqım olan pulun yarısını ödəmək, yarısını isə cibinizə qoymaq istəyirdiniz.
Azarkeşlər Elnura (klubun icraçı direktoru Elnur Məmmədovu nəzərdə tutur - red.) rejissor kimi və Çingizə ("Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevi nəzərdə tutur - red.) yazıçı kimi "Neftçi”ni necə məhv etmələri barədə kitab buraxmağa icazə verməyəcəklər.
Keçmişə qayıdaraq bizi - 12 legioneri niyə klubdan göndərdiyinizi soruşmaq istəmirəm. Bəlkə ona görə ki, bizi kluba cənab Sadıqov ("Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqovu nəzərdə tutur - red.) gətirmişdi və biz "Neftçi”nin tarixindəki ən yaxşı heyət olmuşuq. Biz hazırda başqa klublardayıq. Yeni uğurlar əldə edirik və sizləri bağışlamışıq. Amma qorxuram ki, azarkeşlər sizi heç vaxt bağışlamayalar.
Oyunçular, məşqçilər günahkar deyillər. Günahkar sizin futboldakı biliksizliyinizdir. Ona görə də "Neftçi”ni məhv etməmək üçün gedin. "Neftçi”yə eşq olsun”.
Fanat.Az