İslandiyaya uduzub (0:3) dünya çempionatına vəsiqə şansını itirən, seçmə mərhələnin son oyununda Finlandiya ilə "sülh" bağlayan (2:2) Türkiyə millisi baş məşqçi dəyişikliyinə gedir. Fanat.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Mirça Luçesku ilə yollarını ayırmaq qərarına gəlib.
Fatih Terimin gedişidən sonra - avqustun 4-də 2+1 illik müqavilə imzalyan və illik 2,5 milyon maaş alacaq rumın mütəxəssis ümidləri doğultmadığından onunla noyabrın sonunda müqavilə xitam veriləcək. İddialara görə, artıq yeni baş məşqçinin kimliyi də bəllidi. Bildirilir ki, TFF yığmanın baş məşqçi postuna hazırda "Başakşəhəri" çalışdıran Abdullah Avcını gətirəcək.
TFF hələlik iddiaları təkzib edir. Qurumun bununla bağlı yaydığı son açıqlamada xəbərlərin həqiqəti əks etdirmədiyi deyilir: "Bu gün (dünən) bir agentlik tərəfindən ortaya atılan və hər hansı istinadı olmayan iddiaların həqiqəti əks etdirmədiyini bildiririk".
Qeyd edək ki, Abdullah Avcı 17 noyabr 2011-ci ildə Qus Hiddinkin yerinə Türkiyə millisinə baş məşqçi təyin edilmişdi. Komanda "DÇ-2014"ə vəsiqə qazana bilmədiyindən 2013-cü ilin 20 avqustunda istefaya göndərilmişdi. 2014-cü ildən "Başakşəhər"i çalışdıran 54 yaşlı mütəxəssis yığma ilə yanaşı, kluba da başçılıq edəcəyi deyilir.
Fanat.Az