Slaven Biliç "Beşiktaş”dakı ilk mövsümündə çempionatdakı ilk dörd matçın dördündən də qalib ayrılanda mənə "Iron Maiden” (ağır metal qrupu) kimi komandayıq” demişdi və bu, səs-küyə səbəb olmuşdu. Klopp da həmkarı Biliç kimi, "ağır metal”ı sevən biridi. O, alman musiqisinin Avropaya ən çox təsir edən qrupu "Kraftwerk”in sakit "Autobahn” (tərcümədə "magistral” anlamına gəlir) albomu əvəzinə, daha sərt musiqilərə qulaq asan adamdı. Musiqi zövqünün də təsiri ilə Klopp yeni alman futbolu tərzini "Magistral futbolu” yox, "Ağır metal futbolu” adlandırmışdı. Yürqenin "Borussiya”sı Almaniya millisinin uğurlarında önəmli rol oynasa da, ikili arasında fərqli nüanslar var idi. Bunun da səbəblərindən biri Lövün yığmada "Bavariya” – "Borussiya” + digər komandaların ən yaxşılarından ibarət komanda formalaşdırmasına mane olan, Kloppun Dortmundakı "materiallar”ını əlindən alan Münhen klubu idi.
Mövzunu bir az da açaq. "Bavariya” "Borussiya” ilə oynadığı Çempionlar Liqası finalından öncə rəqibinin ən istedadlı futbolçularından olan Qötseni transfer edərək "mental üstünlüyü” ələ keçirmişdi. Ancaq Kloppun "Borussiya”dakı son mövsümündə əvvəlki mövsümlər qədər uğurlu olmamasının əsas səbəbi "Bavariya”nın Levandovskini də onun əlindən alması idi. Bu qədər sürətli, "ağır metal” tempində oynanan futbolda Levandovski kimi, mahir qolçu olmaqla yanaşı, topu saxlayıb, komanda yoldaşlarının hücum zonasında çoxalmasına yardımçı olan oyunçular fərq yaradırlar. Robertin bu bacarığı bir növ daha da sürətlənmək üçün döngədə yavaşlamağa bənzəyir. İllah Kloppun çox sevdiyi "ağır metal”dan nümunə çəkməli olsam, sözügedən tərzin əfsanəvi qrupu – "Iron Maiden”in mahnılarındakı "partlayışlar” öncəsi "hazırlıq” məqsədi daşıyan gitara aprejlərini qeyd edərdim. Dinləməyənlər bir qulaq versinlər.
Ancaq "Bavariya” yenə adətindən qalmadı və 2013-cü ildə Bundesliqa və Almaniya kuboku ilə yanaşı, finalda "Borussiya”nı məğlub edərək Çempionlar Liqası titulunu da muzeyinə əlavə etdi. Münhenlilər tarixi "trebl”ə imza atanda komandanın başında Yürqen yox, Helmut Qross generasiyasının məşqçilərindən olan Yupp Haynkes var idi. Haynkes Kloppun futbolunu oynadaraq Kloppu "mat” etmişdi. Matçdan sonra Ralf Ranqnik demişdi: "Bavariya” Kloppun futbolunu daha yaxşı futbolçularla oynayaraq "Borussiya”nı məğlub etdi”. Yürqen isə həmişəki intellektual anekdotlarından birinə yer vermişdi: "Bavariya”nın çinlilərdən fərqi yoxdu. Bizim modeli təqlid etdilər”.
Kloppu sözügedən oyun tərzini "ağır metal”a bənzədir, stilin Almaniyadakı öncülü Helmut Qross isə meydanın daxilində baş verənləri belə təsvir edir: "Razıyam, bəzən xaotik oyun kimi görsənə bilir. Bir anda üç oyunçunun itirilən topu ələ keçirmək üçün etdiyi təzyiq klassik taktiki şablonlarla müqayisədə, onsuz da, xaotikdi. Ancaq əsas mövzu "nəzarət altında olan xaos”du”.
Qross və Ranqnik "Led Zeppelin”disə, Klopp "Metallika”dı
Necə ki, Kloppun çox sevdiyi "ağır metal”ı bu tərzin ən məşhur qrupu "Metallica” kəşf etməyib, futbolda da "gegenpressinq”i (topu itirən komandanın dərhal onu geri almaq üçün pressinq etməsi) Yürqen özü ortaya çıxarmayıb. Sadəcə, eynilə "Metallica” kimi, o da artıq kəşf edilmiş texnikanı və tərzi növbəti səviyyəyə qaldıraraq inkişaf etdirib. Almaniya nümunəsində bu oyun stili Qross və Ranqnik tərəfindən yenidən kəşf edilmişdi. Zaman onların yolundan gedənlərin haqlı olduğunu göstərəcəkdi.
Təbii ki, daha öncəki illərdə İngiltərə klubları, xüsusilə də 1974-1990-cı illər aralığında bütün meydan boyu yüksək pressinq tətbiq edirdilər. İngiltərədən sonra çalışmaq üçün ölkə hüdudlarından kənara üz tutan Qordon Milne kimi mütəxəssislər işlədikləri ölkələrdə bu kollektiv pressinq sayəsində böyük uğurlar qazanırdılar. Hətta İngiltərə 1966-cı ildə yeganə dünya çempionluğunu qazananda komandanın geridəki "sığorta”sı olan stopper Cək Çarlton 1986-1996-cı illərdə İrlandiya yığmasında işləyəndə oyunçularından top ayaqlarına gələn kimi onu rəqibin yarımmeydançasına doğru irəli vurmalarını, sonra isə topun getdiyi yerə komanda halında pressinq etmələrini istəmişdi. "U2” qrupunun üzvlərinin də aralarında olduğu bir neçə musiqiçi Cək Çarltonun oyunlardan öncə keçirdiyi iclaslarda işlətdiyi ifadədən ilhamlanıb, "Put’em Under Pressure” (onları təzyiq altında saxlayın) adlı mahnı bəstələmişdilər.
"YouTube”də 1991-ci ilin 27 martında İngiltərə və İrlandiya milliləri arasında oynanılan Avro-92 təsnifat matçını axtarışa verib, izləyə və necə nəzarətsiz xaos futbolu oynanıldığını görə bilərsiz. Çarltonun tətbiq etdiyi şey sözün hər mənasında nəzarətsiz xaos futbolu idi. Yaradıcı olmaqdan çox, dağıdıcılıqdan söhbət gedir. Helmut Qrossun "nəzarət altında olan xaos” futbolunun isə fərqli bir cəhəti var idi: xaos sadəcə dağıtmaq üçün yox, həm də sıfırdan inşa etmək üçündü. Xaos rəqibi kilidləmək üçün idisə, "cəld kreativlik” də "əsas açar”ın özü idi.
Əli Ece - "Ayaq oyunlarından ağıl oyunlarına – Futbol” kitabı
Hazırladı: Rüfət Məcid