"Qalatasaray" transfer çalışmalarına indidən başlayıb.
Fanat.Az xəbər verir ki, Mariano və Yuto Naqatomonun performansından narazı olan Fatih Terim hər iki futbolçunun qışda göndərilməsini istəyir. Artıq İstanbul klubu bu futbolçulara əvəzləyici də tapıb.
Belə ki, həm Premyer Liqada, həm də Çempionlar Liqasında uğursuz çıxış edən "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino 5 futbolçunun göndərilməsinə qərar verib. Onların arasında "Qalatasaray"ın istədiyi iki futbolçu da var - Serj Auirer və Danni Rouz.
"Tottenhem"in məqsədi bu futbolçuları satmaq və ya icarəyə verməkdi. Bunu öyrənən "Qalatasaray" dərhal hərəkətə keçib. İstanbul klubu hər iki futbolçunu qışda icarəyə götürmək niyyətindədi.
Qeyd edək ki, "Tottenhem" Serj Auireri 2017-ci ilin yayında RSJ-dən 25 milyon avroya transfer edib. "Transfermarkt" hazırda Kot-D`İvuar millisinin üzvünə 15 milyon avro qiymət qoyub. 26 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə cəmi 4 rəsmi oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
Danni Rouz isə 17 yaşında - 2007-ci ildə "Lids"dən "Tottenhem"ə 1 milyon avroya keçib. Hazırda "Transfermarkt" Yamayka əsilli ingiltərəli futbolçuya 25 milyon avro qiymət qoyub. 29 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə 8 oyuna çıxaraq 1 qol ötürməsi verib.
Fanat.Az