Superağır çəki dərəcəsində WBA Super, WBO və IBF versiyaları üzrə dünya çempionu Entoni Coşua WBC titulunun sahibi Tayson Fyuri ilə döyüşmək niyyətindədi.
Fanat.Az xəbər verir ki, ingilis boksçu DAZN-a açıqlamasında növbəti rəqibi Kubrat Pulevin səviyyəsinin aşağı olduğunu və diqqətini Fyuriyə yönəltdiyini bildirib:
"Fyuri ilə döyüşü düşünürəm. Bukmeykerlərin təxminlərinə və mənə şübhə ilə yanaşan azarkeşlərə baxmayaraq, bu döyüşdə qələbə qazanacam. Mən Fyurini məğlub etmək üçün çalışıram. Artıq indidən gələcəyi, Pulevlə döyüşdən sonranı fikirləşirəm. Mən bu "sədd"i aşmaqda qərarlıyam.
Pulevə gəlincə, o, onsuz da, mənim səviyyəmdə deyil. Mən ən yaxşılarla döyüşmək və onlara qalib gəlmək istəyirəm. Ona görə də indidən Fyurini necə məğlub edəcəyimi düşünürəm. Tayson hazır olan kimi, döyüşə razılıq verəcəm".
Qeyd edək ki, Coşua - Pulev döyüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Fanat.Az