UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək "Araz” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, komanda daha bir braziliyalı futzalçı ilə anlaşıb. 28 yaşlı Jonatan Felipe Braziliyanın "Pato” klubundan transfer olunub.
Bundan əvvəl isə 24 yaşlı Emanoel Rodrigeslə mövsümün sonuna qədər müddəti əhatə edən müqavilə imzalanmışdı. Rodriges həmyerlisindən fərqli olaraq, Avropada legioner həyatı yaşamağı bacarıb. O, Qazaxıstanın "Atırau” klubunda çıxış edib.
Bununla da "Araz"ın heyətindəki braziliyalı futzalçıların sayı 3-ə çatıb. Son iki "samba”çıya qədər Murilo Borges baş məşqçi Joze Alesio Da Silvanın sərəncamında idi.
Qeyd edək ki, "Araz” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də "Europa”, ertəsi gün "Kampuksen Dinamo”, avqustun 24-də isə "Raba” klubu ilə qarşılaşacaq. Təmsilçimizin yer aldığı qrupun oyunları Latviyada təşkil olunacaq.
Mirağa