"Məğlubiyyəti qəbul etmək çox çətindir. Ən çox üzüldüyüm isə mənə dəstək olanların, bütün Azərbaycan xalqının etimadını doğrulda bilməməyimdir".
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan atleti Nazim Babayev özünün sosial şəbəkə hesabında yazıb.
Üç təkanla tullanma növündə finala yüksələ bilməyən Avropa çempionu zədə və yarış təcrübəsinin azlığının çıxışına təsir etdiyini qeyd edib: "Hər kəsə, ailəmə, dostlarıma, məşqçimə və bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Bütün yazılan mesajları, xoş sözləri gorürəm və sizə dəstəyinizə görə hədsiz dərəcədə minnətdaram. 4 ay müddətində ardıcıl zədələr, uzun müddət yarışlarda çıxış edə bilməməyim və s. uğursuzluğa təsir etdi. Amma içimdəki hiss məni heç bir halda təslim olmağa qoymaz! Heç bir halda yolumdan dönmərəm. Bu, hələ son deyil. Mən heç yana getmirəm. Bir az istirahətdən sonra yeni mövsümə hazırlıq başlayacaq. Qarşıdakı 3 il müddətində var gücümlə çalışacağam və biz sizinlə Parisdəki Olimpiya Oyunlarında görüşəcəyik. Medal mümkündür".
Qeyd edək ki, 16,72 metr nəticə ilə mövsüm rekordunu yeniləyən Nazim Babayev Tokio 2020-də 15-ci yeri tutub. Avqustun 5-də baş tutacaq final mərhələsinə isə 12 atlet yüksəlib.
Sahib Əsədbəyli