Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, 73 kq-da çıxış edən 25 yaşlı idmançı finalda italiyalı Covanni Esposito ilə üz-üzə gəlib. Rəqibinə "qızıl xal" bölümündə "vaza-ari" ilə qalib gələn Heydərov karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2017-ci ildə Polşanın paytaxtı Varşavada təşkil olunan qitə çempionatında qızıl medal qazanıb.
73 kq-dakı digər təmsilçimiz Rüstəm Orucov isə yarışın bürünc medalını qazanıb. O, üçüncü yer uğrunda həlledici görüşdə rumıniyalı Adrian Sulkanı "vaza-ari" xalı ilə yenib.
***
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda Mark Xristovla (Bolqarıstan) qarşılaşıb. Rəqibinə "qızıl xal" bölümündə "vaza-ari" ilə qalib gələn Heydərov finala yüksəlib. 2017-ci ildə Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatının qalibi olan 25 yaşlı idmançı ikinci qitə çempionluğu uğrunda italiyalı Covanni Esposito ilə üz-üzə gələcək.
Eyni çəkidə çıxış edən Rüstəm Orucov isə təsəlliverici qarşılaşmada Alexandru Raykunu (Rumıniya) məğlub edərək bürünc medal görüşünə vəsiqə qazanıb. 31 yaşlı titullu idmançımızın rəqibi Rumıniyanın digər təmsilçisi Adrian Sulka olacaq.
Final blokuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Görüşlər İdman TV vasitəsilə canlı yayımlanacaq.
***
Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 73 kq-da çıxış edən idmançı mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Alexandru Raykuya (Rumıniya) qalib gəlib. 25 yaşlı Avropa çempionumuz finala gedən yolda bolqarıstanlı Mark Xristovla qarşılaşacaq.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə ilk iki görüşündə Coşua Qrin (İrlandiya) və Aleksandr Koşlyakı (Ukrayna) məğlub etsə də, 1/4 finalda Mark Xristovla bacarmayıb. Bürünc medal şansı qalan 31 yaşlı Olimpiya mükafatçımız təsəlliverici görüşdə Alexandru Raykuyla üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyib. Yarış mayın 1-də başa çatacaq.
***
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki təmsilçisi tatami üzərinə çıxacaq.
73 kiloqram çəki dərəcəsində yer alan Avropa çempionu, dünya çempionatlarının ikiqat bürünc mükafatçısı Hidayət Heydərov startda polşalı Adam Stodolski ilə üz-üzə gələcək. Görüş 1/16 finala təsadüf edəcək.
Eyni çəkidəki Rüstəm Orucov da mübarizəyə 1/16 finaldan qoşulacaq. Rio-2016 Olimpiadasının və dünya çempionatlarının ikiqat gümüş medalçısı bu mərhələdə irlandiyalı Coşua Qrinlə münasibətləri aydınlaşdıracaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 10:30-da başlayacaq. Final blokuna 17:00-da start veriləcək.
Qeyd edək ki, qitə birinciliyinin ilk günündə mübarizə aparan Azərbaycanın 6 təmsilçisindən heç biri medal qazana bilməyib. Millimizin daha 3 üzvü sabah - yarışın son günündə qüvvəsini sınayacaq.