Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində 60 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan cüdoçusu Turan Bayramovun Fanat.Az-a müsahibəsi
- Turan, bu, böyüklər arasında "Dünya Turu" seriyasında ilk medalındır. Təəssüratlarını öyrənək.
- Bildiyiniz kimi, mən yeniyetmələrdə Avropa çempionu, Avropa Yay Olimpiya Festivalının qalibi olmuşam. Gənclərdə də dünya çempionatının gümüş mükafatçısıyam. Çox arzulayırdım ki, qısa zamanda böyüklərdə də nəticə verim. Bunadək iki "Böyük Dəbilqə"yə qatılmışdım. Biri keçən ilin noyabrında Bakıda, biri də apreldə Antalyada olmuşdu. Bu yarışa çox güclü hazırlaşmışdım ki, nəhayət, turnirdə medal hesabımı açım. Qızıl medal üçün gəlmişdim, lakin bürünc də pis nəticə sayılmaz. Çünki yarışın rəqabət səviyyəsi də yüksək idi. Gürcüstanlı dünya və Avropa çempionu, Yaponiya idmançısı mübarizə aparırdı.
- Uduzduğun 1/4 final görüşündə hakimin qərarı ilə razılaşmadın. Düşünürsən ki, verilən xəbərdarlıqlar referinin ev sahibinə simpatiyasından irəli gəlirdi?
- Öncə onu deyim ki, mən Georgi Sardalaşvili ilə ötən il İtaliyanın Olbiya şəhərində keçirilən gənclərin dünya çempionatının finalında da görüşmüşdüm. Həmin qarşılaşmada da o qalib olmuşdu. Yəni kifayət qədər güclü idmançıdır. Amma indi də o fikirdəyəm ki, hakim dünən mənə sonuncu xəbərdarlığı verməyə də bilərdi.
- Bürünc medal uğrunda komanda yoldaşın Rövşən Əliyevlə üz-üzə gəlirdin. Görüşün prinsipiallığı nə dərəcədə idi?
- Başqa ölkənin idmançısı ilə qarşılaşmaq daha rahatdır, nəinki komanda yoldaşınla. Yerli idmançılarla döyüşlər daha ağır keçir. Çünki bir-birimizi yaxından tanıyırıq, görüş vaxtı daha diqqətli olmalıyıq. Ancaq görüş mənim üçün rahat alındı. İlk saniyələrdə "vaza-ari" xalı ilə önə keçdim, sonradan da bunu "ippon"a çevirdim.
- Görüşdən sonrakı jestinlə sanki "mən gəlirəm" mesajı verirdin...
- Bəli. Məhz onu demək istəyirdim. Çox sevincli idim. Amma dediyim kimi, rəqib yerli idmançı olduğundan, bunu çox büruzə vermədim.
- 60 kiloqram Azərbaycan cüdosunda ən uğurlu çəki dərəcələrindən hesab olunur. İdmançıların, demək olar, hamısı erkən yaşlarda böyüklərin yarışında sürprizə imza atıb, parlayıblar. Bu ənənənin davamını səndən də gözləyəkmi?
- Mənim də çalışdığım budur. Bacaracağıma inanıram.
- Oktyabrda Daşkənddə keçiriləcək dünya çempionatı ilə bağlı imkanlarını necə dəyərləndirirsən?
- Təqvimdə əvvəlcə gənclərin dünya çempionatı var. Orada, nəhayət, çempion olmaq istəyirəm. Böyüklərin dünya çempionatında iştirakım həmin yarışdakı nəticəmdən də asılı olacaq. Böyüklərdə qazandığım bu medal mənə ikiqat inam, güc verib. Niyə də ardını dünya çempionatlarında gətirməyim.
Sahib Əsədbəyli