Misli Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan "Turan Tovuz" - "Sumqayıt" qarşılaşmasında meydan sahiblərinin 1:0 hesablı qələbə qazanması gözlənilən nəticənin reallaşması demək idi. Gözlənilməz o olardı ki, iflic vəziyyətinə düşmüş xəstəni xatıladan Sumqayıt təmsilçisi mövsümün ilk zəfərinə məhz bu matçda imza ataydı...
Matçın final fiti səsləndiriləndən sonra 3 xalı çılğın jestlərlə bayram edən baş məşqçi Ayxan Abbasov ənənəvi mətbuat konfransında hamının bildiyi həqiqəti gizlətməyə çalışmadı. "Bu, bəzi adamlara bir ismarıc idi. Lazım olan adamlar mesajlarını aldılar" deyən bacarıqlı çalışdırıcı daşı kimin bostanına atdığını çılpaq şəkildə ortaya qoydu. Bir qədər obrazlı ifadə etməyə çalışsaq, 41 yaşlı mütəxəssis "bir yumruq"la nokauta saldığı rəqib camiəni qələbə jesti və açıqlaması ilə öldürdü.
Hə, "kimyaçılar"ın başqanı Riad Rəfiyevin "yeni inkişaf mərhələsi"nin pir parçası olmağa layiq saymadığı Abbasov Sumayıt klubundakı söz sahibinin tam yanlış siyasət yürütdüyünü hələ 4-cü turda sübut etmişdi. Unudanlar üçün xatırladaq ki, Aleksey Baqalı "Sumqayıt"a səfərdə yenilməyən (0:0) Ayxan bəy sabiq iş yerində rəhbərlikdən özünə qarşı ədalətsiz münasibət gördüyünü əla mübarizə ilə hər kəsə çatdırmışdı.
"Sumqayıt"ın durumunu dərindən təhlil etməyə belə, dəyməz. Nə heyət var, nə oyun var, nə də ki, nəticə. Büdcə söhbət mövzusu ola bilməz. Məgər "gənclik şəhəri" klubunun maddi vəziyyəti tovuzluların və ya "Kəpəz"in maliyyə durumundan da pisdir? Əsla! Turnir cədvəlinin son pilləsində qərarlaşan "Sumqayıt"ın bu günə qalmasının yeganə səbabkarı məhz Rəfiyevdir. Nə yazıq ki, Riad bəy özünün yalnız klub prezidenti yox, həm də futbol agenti kimi işinin öhdəsindən gələ bilməyən biri olduğunu aşkar şəkildə ortaya qoyub.
Zaman Ayxan Abbasovun belaruslu mütəxəssislə əvəzlənməsinin ən pis fikir olduğunu üzə çıxarmadımı? Rəfiyevin bu addımı atarkən kimlərdən məsləhət aldığını araşdırmaq uzunçuluq olar. Digər tərəfdən, xüsusi tanıtmaya ehtiyacı olmayan Elxan Məmmədovun əsas kadrlarından birinin kiminləsə məsləhətləşib-məsləhətləşməməsi bu gün üçün aktual yanaşma deyil. Bütün hallarda, məsuliyyət yükü aysberqin görünən tərəfinin - Riad bəyin çiyinlərindədir. Bu idi əvvəlki mövsümlərdə legionersiz oynayan "Sumqayıt"ın yeni inkişaf mərhələsi? Ümumiyyətlə əcnəbi futbolçu "Sumqayıt"dakılara deyirlər? Onlardır yerlilərdən bir baş üstün oyunçular? Budur menecer-prezidentin transfer siyasətinə nəzarət məharəti? Nə isə...
Artıq bir neçə turdur "Sumqayıt" köhnə-yeni çalışdırıcısının - Samir Abasovun rəhbərliyi altında matçlara çıxır. Rəfiyev öz böyük səhvlərini Baqanı istefaya göndərməklə müəyyən mənada, sığortalaya bilib. Qış transfer pəncərəsi açılana qədər futbol ictimaiyyətinin Samir bəyə ciddi iradlar bildirməyəcəyi dəqiqdir. Sabiq dayaq yarımmüdafiəçisi indilik daha çox özünəməxsus açıqlamaları ilə gündəmə gəlir. Gah sələfi Baqanın gülünc fəaliyyətinə, gah da 2021-ci ilin mayında çempion etdiyi "Neftçi"nin hədəflərindən uzaq düşməsinə rəngarəng eyhamlar vurur. Fakt budur ki, hələ komandaya ilk qələbəsini qazandırmayıb. Ancaq o mübarək günün də çox da uzaqda olmadığı bəllidir. Bizə yalnız gözləmək qalır.
Ümid edək ki, "Sumqayıt" bosslarının özləri və havadarları ən sadə həqiqəti - iddiası böyük olmayan komandanın gəlmə mütəxəssisə tapşırılmasının absurd qərar olduğunu bundan sonra anlayacaqlar. Ayxan Abbasovun nokautundan ayılmaq və mesajından nəticə çıxarmaq dəmidir. Böyük şəhərin tək komandasını "dişli" və "diri" görmək ümidi ilə...
Nihat Ağasoy