Şahmatçı Ləman Hacıyeva Fanat.Az-a müsahibə verib.
2022-ci ildə keçirilən qadınlar arasında Azərbaycan çempionatının gümüş medalçısı olan 19 yaşlı iti zəka sahibi ötənilki uğurları və 2023-cü ildə qarşısına qoyduğu məqsədlərdən danışıb.
- Ləman, ötənilki Azərbaycan çempionatının gümüş medalçısısınız. Sözügedən uğurunuz bir çoxları tərəfindən təəccüblə qarşılanmışdı. Növbəti ayın əvvəlində baş tutacaq analoji yarışla bağlı hədəfiniz nədir? Artıq çempionluq barədə düşünürsünüzmü?
- Bəli. Məqsədim çempion olmaqdır. Mən ötən ilin sonunda dünya çempionatına seçim xarakterli rapid və blits üzrə ölkə çempionatının qalibi oldum. Nəticəmi klassik şahmatda da təkrarlamaq istəyirəm. Açıqlanıb ki, bu il ölkə çempionu olan şahmatçı il ərzində milli komandanın heyətində yer alacaq. Bu üzdən çempion olmağı çox arzulayıram.
- Yarışa necə hazırlaşırsınız?
- Sözün açığı, hazırda təhsilimlə bağlı tam diqqət ayıra bilmirəm. Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üçüncü kursunda oxuyuram. Bu aralar başım imtahanlara qarışıqdır. Amma yarışöncəsi çalışıb hazırlığımı artıracağam.
- Qeyd etdiyiniz kimi, həm də rapid və blits üzrə ölkə çempionatında fərqləndiniz. Həmçinin qadınların Avropa çempionatında və gənclərin dünya çempionatında nəticənizi yaxşı saymaq olar. Xüsusilə İtaliyanın Siciliya adasında keçirilən mundialda "10-luğ"a düşməyinizi qeyd etmək lazımdır. Ümumilikdə ötən ili sizin üçün kifayət qədər uğurlu alındı.
- Məncə də uğurlu il oldu. Avropa çempionatında reytinqimi 96 punkt qaldırmışdım. Dünya çempionatında da ilk iki turda uduzmasaydım, sonda medal qazana bilərdim. Orada ardıcıl altı turu qələbə ilə başa vurdum.
- İlk iki turdakı məğlubiyyət start həyəcanı ilə bağlı idi?
- Xeyr, deməzdim. Sadəcə, özümdən aşağı reytinqli şahmatçılarla oynamaq mənim üçün həmişə çətin olur.
- Ümumilikdə yüksəlişdə olan şahmatçı kimi qarşıdakı hədəflərinizi öyrənmək istərdik.
- Bu il öncə Azərbaycan çempionu olub milli komandaya düşmək istəyirəm. Daha sonra isə reytinqimi qaldırmağa çalışacağam. Çalışacağam ki, qadınların beynəlxalq usta normativini yerinə yetirim.
Sahib Əsədbəyli