Stavangerdə (Norveç) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Norway Chess" superturniri start götürüb.
Fanat.Az xəbər verir ki, turnirdə 38 yaşlı qrossmeysterimizlə yanaşı, Maqnus Karlsen, Aryan Tari (hər ikisi Norveç), Hikaru Nakamura, Fabiano Karuana, Uesli So (hamısı ABŞ), Aniş Giri (Niderland), Dommaraju Qukeş (Hindistan), Alireza Firuzca (Fransa) və Nodirbek Abdusattorov (Özbəkistan) mübarizə aparır.
Məmmədyarov ilk turda ağ fiqurlarla A.Tari ilə üz-üzə gəlib. Görüşdə heç-heçə qeydə alındığından tərəflər Armageddonda münasibətləri aydınlaşdırıb. "Şah" burada rəqibini məğlub edib.
Reqlamentə uyğun olaraq oyunda qələbəyə görə 3 xal verilir, heç-heçə olduğu halda isə rəqiblər Armageddonda güclüləri müəyyənləşdirir. Bu halda qalib 1,5, uduzan isə 1 xal qazanır.
1-ci tur
Şəhriyar Məmmədyarov - Aryan Tari 0,5:0,5 (Armageddon 1:0)
Alireza Firuzca - Dommaraju Qukeş 0:1
Nodirbek Abdusattorov - Aniş Giri 0,5:0,5 (Armageddon 0:1)
Fabiano Karuana - Maqnus Karlsen 1:0
Uesli So - Hikaru Nakamura 0,5:0,5 (Armageddon 1:0)