Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı qrossmeyster V turda qara fiqurlarla turnir cədvəlinin lideri olan ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gəlib.
Qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xalını 7-yə çatdıran Məmmədyarov turnir cədvəlində 4-cü sıraya yüksəlib. Lider 10,5 xalla Karuanadır.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər Armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.