Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, D qrupunda yer alan 36 yaşlı qrossmeyster V tur qarşılaşmasında qara fiqurlarla rusiyalı Aleksandr Predke ilə üz-üzə gəlib.
Qarşılaşma 58-ci gedişdə "sülh"lə yekunlaşıb. Bu, Məmmədyarovun ardıcıl 5-ci heç-heçəsi olub.
Qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav çinli Yu Yanqyu ilə xalı yarı bölüb.
Hazırda Vaşye-Laqrav 3 xalla qrupa başçılıq edir. Hərəyə 2,5 xalı olan Məmmədyarov və Yanqyu 2-3-cü yerləri bölüşdürür. Predke isə 2 xalla sonuncu pillədə qərarlaşıb.
Məmmədyarov martın 7-də qrupun son tur matçında ağ fiqurlarla Vaşye-Laqravla üz-üzə gələcək. Yalnız qələbə təqdirində o, qrup lideri ola bilər.
Əsasnaməyə görə, dairəvi sistemlə ikidövrəlik mübarizənin sonunda yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Həm yarımfinal, həm də final 2 klassik oyundan və lazım gələrsə, tay-breykdən ibarət olacaq.
Seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov həmçinin turnirin sonuncu - 3-cü mərhələsində iştirak edəcək. Seriyanın sonunda ən yaxşı göstəriciyə sahib iki şahmatçı bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, FIDE Qran-Prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
Sahib