Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün IX turun qarşılaşmaları keçirilib. Azərbaycan təmsilçilərindən 7-si görüşünü qələbə ilə tamamlayıb.
Abdulla Qədimbəyli AÇ-nin ən reytinqli şahmatçısı David Navaranı (Çexiya) yenib. Nicat Abasov Sabino Brunellodan (İtaliya),
Vasif Durarbəyli Oskar Vizorekdən (Polşa), Murad İbrahimli Erik Blumqvistdən (İsveç),
Məhəmməd Muradlı Filip Harinqdən (Slovakiya), Aydın Süleymanlı Teodora İnjaçdan (Serbiya), Əhməd Əhmədzadə Aleksey Biliçdən (Ukrayna) üstün olub.
Yarışdakı ən reytinqli şahmatçımız Qədir Hüseynov ermənistanlı Samvel Ter-Saakyanla heç-heçəyə razılaşıb. Misrətdin İsgəndərov Jil Mussarla (Fransa), Eltac Səfərli Daniel-Boqdan Dyakla (Rumıniya), Vüqar Əsədli Aryan Tari (Norveç) ilə "sülh bağlayıb".
Qələbə sayəsində xalını 7-yə çatdıran Abdulla turnir cədvəlində ikinci pilləyə yüksəlib. 6,5 xala malik Misrətdin, Qədir, Nicat və Vasif müvafiq olaraq 5, 7, 17 və 18-ci yerlərdə qərarlaşıblar. Eltac və Vüqarın hesabında 6 xal var. Sıralamaya 7,5 xalla almaniyalı Mattias Blübaum başçılıq edir.
Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.
Avropa çempionatı
IX tur
Qədir Hüseynov - Samvel Ter-Saakyan (Ermənistan) 0,5:0,5
Abdulla Qədimbəyli - David Navara (Çexiya) 1:0
Misrətdin İsgəndərov - Jil Mussar (Fransa) 0,5:0,5
Daniel-Boqdan Dyak (Rumıniya) - Eltac Səfərli 0,5:0,5
Aryan Tari (Norveç) - Vüqar Əsədli 0,5:0,5
Nicat Abasov - Sabino Brunello (İtaliya) 1:0
Vasif Durarbəyli - Oskar Vizorek (Polşa) 1:0
Riad Səmədov - Vladimir Baklan (Ukrayna) 0,5:0,5
Murad İbrahimli - Erik Blumqvist (İsveç) 1:0
Məhəmməd Muradlı - Filip Harinq (Slovakiya) 1:0
Teodora İnjaç (Serbiya) - Aydın Süleymanlı 0:1
Şahin Vəliyev - Evgenios İoannidis (Yunanıstan) 0:1
Əhməd Əhmədzadə - Aleksey Biliç (Ukrayna) 1:0
Gövhər Beydullayeva - Emil Mirzoev (Ukrayna) 0,5:0,5
Toğrul Həsənzadə - Yahli Sokolovski (İsrail) 0,5:0,5