Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatı sona yaxınlaşır.
Fanat.Az xəbər verir ki, yarışda ötən gün X turun qarşılaşmaları keçirilib. Doqquz turdan topladığı 7 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli ermənistanlı Qabriel Sarkisyanla üz-üzə gəlib. Qara fiqurlarla oynayan 20 yaşlı şahmatçımız rəqibinə məğlub olub.
Ön mövqelərdə qərarlaşan digər təmsilçilərimiz də turu qələbəsiz başa vurub. Nicat Abasov İvan Sariçə (Xorvatiya) uduzubsa, Vasif Durarbəyli İvan Çeparinovla (ECU), Qədir Hüseynov Mustafa Yılmazla (Türkiyə), Misrətdin İsgəndərov Samvel Ter-Saakyanla (Ermənistan) heç-heçəyə razılaşıb.
Aydın Süleymanlı, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə və Gövhər Beydullayeva isə görüşlərini qalib başa vurublar. Onlar müvafiq olaraq Yair Parxovu (İsrail), Benni Ayzenberqi (İsrail), Denis Kadriçi (Bosniya və Herseqovina) və Andreas Keliresi (Yunanıstan) yenib.
Son tur öncəsi Abdulla, Misrətdin və Qədir hərəyə 7 xalla 6-8-ci yerləri bölüşdürürlər. Eyni xala malik Vasif 19-cudur. Sıralamaya 8 xalla almaniyalı Mattias Blübaum başçılıq edir.
Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. Ümumi mükafat fondu 100 min avrodur.
Avropa çempionatı
X tur
Qabriel Sarkisyan (Ermənistan) - Abdulla Qədimbəyli 1:0
İvan Sariç (Xorvatiya) - Nicat Abasov 1:0
İvan Çeparinov (ECU) - Vasif Durarbəyli 0,5:0,5
Qədir Hüseynov - Mustafa Yılmaz (Türkiyə) 0,5;0,5
Samvel Ter-Saakyan (Ermənistan) - Misrətdin İsgəndərov 0,5:0,5
Eltac Səfərli - Aryan Tari (Norveç) 0,5;0,5
Vüqar Əsədli - Rasmus Svan (Almaniya) 0,5:0,5
Denis Kadriç (Bosniya və Herseqovina) - Əhməd Əhmədzadə 0:1
Benni Ayzenberq (İsrail) - Məhəmməd Muradlı 0:1
Aydın Süleymanlı - Yair Parxov (İsrail) 1:0
Arseni Nesterov (FIDE) - Murad İbrahimli 1:0
Aleksandr Moiseenko (Ukrayna) - Riad Səmədov 0,5:0,5
Andreas Kelires (Yunanıstan) - Gövhər Beydullayeva 0:1
Eytan Rozen (İsrail) - Şahin Vəliyev 1:0
Vuk Damyanoviç (Serbiya) - Toğrul Həsənzadə 1:0