Azərbaycan şahmatçılarının 2023-cü ildə keçiriləcək Dünya Kuboku turnirinə qazandığı vəsiqələrin sayı 6-ya çatıb.
Fanat.Az xəbər verir ki, ötənilki Avropa çempionatında Rauf Məmmədov və Nicat Məmmədov missiyanı yerinə yetirmişdisə, 27 mart - 6 apreldə Sloveniyanın Terme Çatej kurort mərkəzində təşkil olunan son analoji yarışın yekunlarına əsasən, Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov turnirdə iştirak hüququ qazanıblar.
Qeyd edək ki, son Avropa çempionatında Azərbaycan şahmatçıları arasında ən yaxşı göstəriciyə Vasif Durarbəyli nail olub. Səkkiz xal toplayan 30 yaşlı qrossmeyster yarışı 8-ci sırada tamamlayıb. Ondan yarım xal geri qalan Abdulla, Misrətdin və Qədir müvafiq olaraq 9-11-ci pillələrdə qərarlaşıblar. İlk "20-lik"də qərarlaşan şahmatçılar Dünya Kubokuna vəsiqə qazanıb.