Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turu seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirib.
Fanat.Az xəbər verir ki, "Chessable Masters" adlanan onlayn turnirin üçüncü günündə daha 4 tur oynanılıb.
37 yaşlı qrossmeyster öncə ağ fiqurlarla Norveç təmsilçisi Aryan Tari ilə üz-üzə gəlib. Rəqibi ilə "sülh bağlayan" Məmmədyarov sonrakı görüşlərdə, müvafiq olaraq, Nils Qrandelius (İsveç), Rameşbabu Praqqnanandha və Pentala Harikrişnanı (hər ikisi Hindistan) yenib.
Bu nəticələrdən sonra xallarının sayını 19-a çatdıran Şəhriyar turnir cədvəlində 5 pillə irəliləyərək 5-ci sırada qərarlaşıb. Lider 24 xalla niderlandlı Aniş Giridir.
16 şahmatçı yarışın ilk dörd günündə dairəvi sistem üzrə mübarizə aparacaq. 15 turdan sonra ilk "səkkizlik" adını pley-off mərhələsinə yazdıracaq.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Chessable Masters"
IX tur: Şəhriyar Məmmədyarov - Aryan Tari (Norveç) 0,5:0,5
X tur: Nils Qrandelius (İsveç) - Şəhriyar Məmmədyarov 0:1
XI tur: Şəhriyar Məmmədyarov - Rameşbabu Praqqnanandha (Hindistan) 1:0
XII tur: Pentala Harikrişna (Hindistan) - Şəhriyar Məmmədyarov 0:1