Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti görüşlərini keçirəcəklər.
Fanat.Az xəbər verir ki, Məmmədyarov VI turda qara fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen ilə üz-üzə gələcək.
Rəcəbov isə ağ fiqurlarla bolqarıstanlı Veselin Topalovun müqavimətini qırmağa çalışacaq.
Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Hazırda 8,5 xalı olan Şəhriyar Uesli So (ABŞ) ilə 3-4-cü pillələləri bölüşdürür. Üç xalı olan Teymur doqquzuncu yerdədir. Sıralamaya 10 xalla hindistanlı Vişvanatan Anand başçılıq edir. Karlsen isə 9,5 xalla ikincidir.
Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
VI tur
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan)
Uesli So (ABŞ) - Aryan Tari (Norveç)
Van Hao (Çin) - Maksim Vaşye-Laqrav (Fransa)
Aniş Giri (Niderland) - Vişvanatan Anand (Hindistan)