Bu həftə AÇ-2024-də iştirak edəcək bütün komandaların adları müəyyənləşdi ki, Gürcüstan millisi tarixində ilk dəfə qitə birinciliyində mübarizə aparacaq. Müqayisədə Azərbaycanda futbola daha çox sərmayə yatırılmasına baxmayaraq, Gürcüstana həsədlə baxmağımız müzakirə mövzusudur.
Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanovla əlaqə saxlayıb bu barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu :
"Gürcüstan hələ SSRİ dönəmindən futbolu ilə fərqlənən ölkə olub. Gürcü futbolçular ittifaq yığmasının əsas heyətində oynayıblar. Həmin oyunçular bu gün ölkələrinin ali futbol qurumunda çalışırlar.
Bundan başqa, güclü menecerlərinin olması gənclərin Avropaya çıxışını təmin edir ki, bu da böyük uğurlara səbəb olur. Məsələ iki ölkənin futbola ayırdığı vəsaitin az-çoxluğunda deyil. Əsas lazımi keyfiyyət amilidir ki, bu da Gürcüstanda özünü göstərir. Peşəkar kadrların olması onların uğurları ilə nəticələnir. Bizim gənclər Avropaya uyğunlaşa bilmir və etimadı doğrultmadığından nəticə olmur".
Nahid Ustaclı