Misli Premyer Liqasının yeddinci turunun açılış oyununda "Sumqayıt" "Turan Tovuz"u qəbul etdi. Görüş qolsuz "sülh"lə yekunlaşdı.
Tovuz təmsilçisinin kapitanı Kamal Bayramovla əlaqə saxlayıb "kimyaçılar"la oyun barədə nə düşündüyünü soruşduq.
38 yaşlı qapıçının Fanat.Az-a açıqlaması belə oldu:
"Çətin səfər olacağını bilirdik. Çempionata yaxşı start verən komadaya qarşı oyunayacağımızı dərk edirdik. "Sumqayıt" öz meydanında daha yaxşı təsir bağışlayır. İlk 15 dəqiqədə rəqib təzyiq yaratmağa çalışdı. Bu haqda baş məşqçi bizləri məlumatladırmışdı. Səbirli olduq və sonradan oyunun gedişatını dəyişdik. Düşünülmüş hücumlarımız oldu. Həftə boyu məhz belə həmlələr üzərində çalışmışdıq. Qol imkanlarından isdifadə edə bilmədik. Futboldur, hər yaratdığın epizodu qola çevirmək şans məsələsidir. Ümumiyyətlə oyundan oyuna yüksəliş hiss olunur və daha da yaxşısını edə bilərik, çünki bu maksimum deyil. Oyun intizamını sonadək qoruduq. Qalib gələ bilmiriksə, məğlub da olmamalıyıq. Turnir cədvəlinə baxıb danışmaq tezdir. Orada çox yerlər dəyişəcək. Biz də bacardıqca yuxarı pillələrdə qalmağa çalışacağıq. Rəqiblərin 90 faizi iddialıdırlar. Qarşılarında Konfrans Liqası hədəfləri var. Biz gənc komadayıq. Daha yaxşı, iddialı olmaq üçün zamana ehtiyac var. Hədəfimiz barədə komandanın rəhbəri geniş açıqlama verib".
Nahid Məmmədov