Deyəsən Fransada xeyir-dua əvəzi verilən top ilk olaraq Azərbaycan futbolunun qapısından keçəcək. Söhbət AFFA-nın baş katibi Cahangir Fərəcullayevin sələfi Elxan Məmmədovla FİFA-nın Parisdə yerləşən ofisindəki görüşündən gedir. Hələ də ali futbol qurumumuzun rəsmi saytında həmin xəbərin əsas şəklindən Elxan Məmmədov futbol içtimaiyyətinə - sizə, bizə .... gülümsəyir deyəcəm. Baxa bilərsiz...
"Eybi yoxdu" deyib keçmək olar. Lap təcrübəsizlik donu da geyindirək bu fotoya. Hətta "etik qaydalar, filan" deyib udqunmaq da mümkündü. Top almaq olar, təlimat almaq, əsla! Vaxtıyla təlimatlandırdığı kadrların işi, ağalıq etdiyi futbolun durumu göz önündədir. “Ağası gülüm olanın, başına külüm olar” deyib atalar.
İnanmıram ki, Cahangir bəy Parisdən təlimat ala, onların dəyirmanına su tökə. Lakin həmin səfərdən sonra sezilən davranışlar, atılan və yaxud atılması gözlənilən addımlar köhnə komanda sərkərdəsinin cisminin getdiyini göstərir. Amma inyeksiya etdiyi virus hələ də futbolumuzun damarlarında axır. Yeni AFFA rəhbərliyinin yeni təyin etdiyi baş katibdən də gözləntilərimiz keçmişin tör-töküntülərini təmizlənməsi, kadr islahatlarının sürətlənməsi idi. İnanırdıq ki, futbolumuz əvvəlki kimi dost-tanışla deyil, peşəkarlıqla idarə olunacaq.
Nə baş verir?
Hazırda Xəzərın sisi çökmüş, beşinci mərtəbəsi görünməyən, başı dumanlı futbol qərargahımızda ikincilik mübarizəsi sezilir. Elxan Məmmədov da vaxtı ilə SOCAR prezidentindən sonra futbolda ikinci adam sayılırdı. Vitselərin isə formal olaraq adı və vəzifəsi vardı. Cənab Fərəcullayevin də həmin nüfuza sahib olması üçün çabaları açıq-aşkar görünür. Buna görə də müqayisəmi uğursuz saymıram. Sadacə, nə dövr o dövrdü, nə də vitselər...
Amma ümidsiz də deyiləm. Yəqin ki, Cahangir bəy peşəkar məsləhətlərindən yararlanar, gələcəkdə futbolumuzun başına düşən daşın altına əlini qoyar. Məsləhət almaq yaxşıdı, inkişafa təkandı, amma qeyd etdiyim kimi, PEŞƏKAR məsləhəti. Dostlarların, “kruqlar”ların məsləhəti ilə sıfıra enib futbolumuz. Düzdü, dost sözünün böyük anlamı, mənası var. Dostluq müqəddəsdir. Ata-babalarımız da kirvələrini ən yaxın dostlarından seçib. Amma Azərbaycan futboluna kirvə lazım deyil.
Şadlıqlarda görüşək!
Əli Sahib