AFFA İntizam Komitəsi hakimlərə fiziki təzyiq göstərən və söyən futbolçularla məşqçiləri cəzalandırıb.
Fanat.Az xəbər verir ki, Region Liqasının, "Şəki” - "Oğuz” matçında "Oğuz"un futbolçuları Ramin Əliyev və Fərid Abdullayev, Bakcell U-17 Liqasının "Neftçi” İK İB - "Keşlə” matçında isə "Keşlə”nin futbolçusu Fərid Muxtarov hakimi təhqir edib. Hər 3 futbolçu 4 oyun cəza alıb.
Kapital Bank U-14 Liqasının "Təhsil” (Saatlı) - UGİM (Göyçay) matçında hakimi təhqir edən UGİM-in məşqçisi Elman Hüseynovun cəzası 3 oyun olub.
Futzal üzrə Azərbaycan çempionatının ikinci dəstəsinin "Atletiko Baku” - "Rəvan” matçında birincilərin məşqçisi Zaur Səmədov hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Oyun bitdikdən sonra isə o, hakimlər briqadasına fiziki təsir göstərməyə cəhd edib. AFFA məşqçini 10 oyun cəzalandırıb.
Qeyd edək ki, I divizionun IX turunun "Zaqatala” ilə oyununda "Səbail-2”in futbolçusu Murad Məmmədov qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərib. AFFA onu 5 oyunluq cəzalandırıb, klubu 400 manat cərimə edib.
Fanat.Az